
Bakı.Trend:
Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin perspektiv planına uyğun
olaraq su təchizatı sistemlərinin yenidən qurulması və
layihələndirilməsi işləri davam etdirilir. Bəzi rayonlarda
layihələndirmə işləri artıq yekunlaşıb, digərlərində isə proses
davam edir.
Bunu Trend-ə
müsahibəsində Qarabağ Regional Su Meliorasiya Sistemlərinin
İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov deyib.
O bildirib ki, Ağdam şəhərində layihələndirmə mərhələsi başa
çatıb və tikinti-quraşdırma işləri şəhərin baş planına uyğun
şəkildə mərhələlərlə həyata keçirilir:
“Xankəndi şəhərində layihələndirmə işlərinə hazırlıq görülür.
Laçın şəhərində isə həm layihələndirmə, həm də tikinti-quraşdırma
işləri artıq tamamlanıb. Bütün işlər mərhələli şəkildə həyata
keçirilir və köç nəzərdə tutulan ərazilərin perspektiv inkişafı
nəzərə alınır”.
İşğal dövründə yararsız vəziyyətə salınmış su anbarları
bərpa olunub
M.Adıgözəlov qeyd edib ki, işğal dövründə Xaçınçay və
Köndələnçay su anbarları yararsız vəziyyətə salınmış, onların
istismarı mümkün olmamışdı. İşğaldan azad olunduqdan sonra həmin
obyektlər tam şəkildə yenidən qurulub.
“İçməli su təchizatı sistemləri də əksər yaşayış məntəqələrində
tamamilə dağıdılmışdı. Xankəndidə isə sistem qismən yararsız
vəziyyətə salınmışdı. Tam dağıdılmış şəhərlərdə su təchizatı
infrastrukturu yenidən qurulub.
Xankəndidə həyata keçirilən layihələr başa çatdıqdan sonra
şəhərdə su təmizləyici qurğular kompleksi, yağış sularının idarə
olunması sistemi, kanalizasiya şəbəkəsi və içməli su təchizatı
Azərbaycan tikinti norma və qaydalarına tam uyğun şəkildə fəaliyyət
göstərəcək.
Şəhər relyef xüsusiyyətlərinə görə 10 zonaya bölünüb və hər zona
üzrə ayrıca su anbarları nəzərdə tutulub.
Hazırda Xankəndidə fəaliyyətini bərpa etmiş dövlət qurumlarının
və müxtəlif təşkilatların əməkdaşlarının məskunlaşdığı 3264
abonentə xidmət göstərilir.
Şəhərin tullantı sularının kənarlaşdırılması üçün şəbəkə və
kollektorlar mövcuddur. Hazırda tullantı suları 27 nöqtədən şəhər
kənarındakı dərələrə axıdılır”,-deyə o əlavə edib.
Şuşada çirkab sularının təmizlənməsi və təkrar
istifadəsi təmin olunacaq
ADSEA rəsmisi müsahisində bildirib ki, Şuşa şəhərinin perspektiv
inkişaf planına uyğun olaraq çirkab su təmizləyici qurğular
kompleksinin tikintisi həyata keçirilir.
“Burada təmizlənən sular Qarqarçaya axıdılacaq. Təmizləmə
prosesi nəticəsində su bütün texniki göstəricilər üzrə suvarma
məqsədlərinə uyğun vəziyyətə gətiriləcək və texniki su kimi
istifadə oluna biləcək”.
Şuşa işğaldan azad olunduqdan bir neçə gün sonra su ilə təmin
edilib
O qeyd edib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan dərhal
sonra su təchizatının bərpası istiqamətində işlərə başlanılıb.
“Şuşa şəhəri işğaldan azad olunduqdan sonra ilk dəfə 2020-ci il
noyabrın 12-də şəhərin su ilə təmin edilməsi məqsədilə əraziyə ezam
olunduq. Şuşaya gələn magistral su xətti dağıdılmışdı. Təxminən 25
nöqtədə yararsız vəziyyətə salınmış magistral xəttin təmir-bərpası
həyata keçirildi”, – deyə M.Adıgözəlov bildirib.
Onun sözlərinə görə, sonrakı mərhələdə şəhərdə yerləşən 1
nömrəli su təmizləyici qurğular kompleksi və anbar sahəsi də bərpa
olunub.
“Görülən işlər nəticəsində 2020-ci il noyabrın 19-20-də Şuşa
şəhərinə ilkin mərhələdə suyun verilməsi təmin edilib.
Daha sonra şəhərdə yeni su təmizləyici qurğular kompleksinin
tikintisi həyata keçirilib və 2024-cü il iyulun 5-də Prezident
İlham Əliyevin iştirakı ilə kompleks istifadəyə verilib.
Hazırda Şuşa şəhəri 24 saat fasiləsiz, dayanıqlı və keyfiyyətli
içməli su ilə təmin olunur”.
Sovet dövründən qalan köhnə sistemlər
yenilənir
M.Adıgözəlov vurğulayıb ki, Qarabağda işğaldan əvvəl mövcud
olmuş su təsərrüfatı infrastrukturlarının əhəmiyyətli hissəsi sovet
dövründən qalmış köhnə sistemlər idi və onların böyük hissəsi işlək
vəziyyətdə deyildi.
“Hazırda həmin sistemlər ya tamamilə yenidən qurulur, ya da
əsaslı təmir-bərpa olunur.
Quraqlıq və su qıtlığı risklərinə qarşı mübarizə məqsədilə
işğaldan azad olunmuş ərazilərdə su anbarlarının yenidən qurulması
və yeni su ehtiyatlarının yaradılması istiqamətində işlər
aparılır.
Laçın rayonu ərazisində yeni su anbarlarının layihələndirilməsi
və tikintisi nəzərdə tutulur. Qubadlı rayonunda isə Bərgüşad su
anbarının tikintisinin planlaşdırılması həyata keçirilir
Bu layihələrin gələcəkdə su ehtiyatlarından daha səmərəli
istifadəyə və regionun su təhlükəsizliyinin gücləndirilməsinə töhfə
verəcəyi gözlənilir”,-deyə o bildirib.
Turizm və məskunlaşma planları su layihələrinin əsasını
təşkil edir
ADSEA rəsmisi açıqlayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən bütün su təsərrüfatı layihələri şəhərlərin inkişaf
perspektivləri nəzərə alınmaqla hazırlanır.
“Layihələndirmə zamanı gələcək əhali sayı, turizm potensialı,
sənaye və xidmət obyektlərinin yerləşməsi kimi amillər əsas
götürülür. Tikinti işləri də məhz bu proqnozlara uyğun şəkildə
həyata keçirilir”,-deyə o əlavə edib.

