
Bakı.Trend:
Aprel ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda rezident
maliyyə təşkilatları (həmçinin statistik vahidin ödəniş kartları)
tərəfindən emissiya edilmiş “UnionPay” kartları üzrə əməliyyatların
sayı 2,4 min, əməliyyatların həcmi isə 310 min manatdan çox
olub.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin aprel ayı ilə müqayisədə “UnionPay”
kartları üzrə əməliyyatların sayı 2,3 mindən çox və ya 24 dəfə,
əməliyyatların həcmi isə 260 min manatdan çox və ya 6,2 dəfə
artıb.
Bundan əlavə, hesabat dövründə qeyri-rezident maliyyə
təşkilatları tərəfindən emissiya edilmiş “UnionPay” kartları üzrə
əməliyyatların sayı 2,2 min, əməliyyatların həcmi isə 200 min
manatdan çox təşkil edib.
Xatırladaq ki, 30 yanvar tarixində Mərkəzi Bankın sədr müavini
Vüsal Xəlilov və Çin Xalq Respublikasının “UnionPay” ödəniş
sisteminin sədri Van Lisin arasında videokonfrans formatında görüş
keçirilib. Görüşdə tərəflər arasında ödəniş kartlarının emissiyası
və QR kod texnologiyalarının qarşılıqlı əlaqəliliyinin
gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin
əhəmiyyəti müzakirə olunub. Görüşün yekununda tərəflər əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalayıblar.
Memorandum Mərkəzi Bank ilə “UnionPay” arasında əməkdaşlığın
hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin
gücləndirilməsinə, eyni zamanda “UnionPay” kartlarının emissiyası
və emalı, çarpaz pul köçürmə sistemlərinin inteqrasiyası, QR və
token texnologiyalarının tətbiqi sahəsində qarşılıqlı fəaliyyətin
genişləndirilməsinə töhfə verəcək.
Anlaşma Memorandumu çərçivəsində nağdsız ödənişlərin inkişafı
istiqamətində təşəbbüslərin həyata keçirilməsi, yerli kart
sahiblərinə daha sabit, təhlükəsiz və rahat kart təcrübəsinin, kart
əsaslı məhsul və xidmətlərin, yeni innovativ məhsulların təqdim
edilməsi, nağdsız iqtisadiyyata keçidi təmin edəcək texniki
arxitektura və mexanizmlərin müəyyənləşdirilməsi nəzərdə
tutulur.

