
Bakı. Trend:
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi
bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli
bilinən şəxsləri müəyyən edib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, nazirliyə daxil olan müraciətlərdə vətəndaşlar
sosial şəbəkələrdə bank və kredit təşkilatlarına bənzədilmiş saxta
səhifələr vasitəsilə aldadıldıqlarını, nəticədə bank kartlarındakı
vəsaitlərinin oğurlandığını bildiriblər.
Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd
edilən əməlləri törətməkdə şübhəli bilinən daha iki nəfər 20 yaşlı
Cəfər Bayramzadə və 23 yaşlı Eynulla Mailov müəyyən edilərək
saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, onlar sosial şəbəkələrdə
müxtəlif bank və bank olmayan kredit təşkilatlarının rəsmi
səhifələrinə oxşar saxta profillər yaradaraq, vətəndaşlara “aşağı
faizli”, “sürətli” və “zaminsiz kredit” təklif ediblər.
Zərərçəkənlər C.Bayramzadə və E.Mailovun onlara göndərdikləri
saxta linklərə öz kart nömrələrini, CVV və OTP kodlarını daxil
etdikdən sonra isə bu informasiyalar birbaşa həmin şəxslərin
nəzarətinə keçib. Nəticədə onlar hesablara qanunsuz giriş əldə
edərək vəsaitləri müxtəlif kartlara köçürüb və sonradan
nağdlaşdırıblar.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Mailov
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib,
C.Bayramzadə ilə bağlı isə istintaq tədbirləri davam etdirilir.

