
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
orqanı statusuna malik olacaq.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə
olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan
Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası
Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra
orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən,
birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan, Naxçıvan
Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi həyata keçirir.
Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvan Muxtar
Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr
təsnifatından çıxarılacaq, Naxçıvan Muxtar Respublikasında
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin
köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil
ediləcək.
Bu dəyişiklikdən sonra “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun
müavinlərinə şamil olunmayacaq.
Dəyişikliklər qəbul ediləcəyi təqdirdə, 2026-cı il iyulun 1-dən
qüvvəyə minəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
birinci oxunuşda qəbul edilib.

