
Bakı. Trend:
Əmək qanunvericiliyinin pozulmasına görə tətbiq edilən
cərimələrin siyahısı genişləndiriləcək.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə
olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında
rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti
nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi
ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək
münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər
3000 manat məbləğində cərimə ediləcək.
Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı
haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət
məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə
qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan
işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə
vəzifəli şəxslər 1000 manat məbləğində cərimə
ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
ikinci oxunuşda qəbul edilib.

