Culfa–Naxçıvan dəmir yolu xətti bərpa edilə bilər – Bojkov

Baş səhifə

Gəncə. Trend:

Avropa İttifaqı (Aİ) Naxçıvan dəmir yolunun bərpasını ən mühüm
layihələrdən biri hesab edir.

Trend xəbər
verir ki, bunu Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq
Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30
illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media
brifinqində deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının hazırda nəzərdən
keçirdiyi ən iri investisiya layihələrindən biri Naxçıvan Muxtar
Respublikasında dəmir yolu infrastrukturunun bərpasıdır.

“Vaxtilə bu dəmir yolu Xəzər dənizi ilə Qara dənizi birləşdirən
mühüm nəqliyyat xətti olub. Lakin uzun illərdir ki, xətt baxımsız
vəziyyətdədir və əsaslı təmirə ehtiyac duyur”, – deyə o
bildirib.

Viktor Bojkov qeyd edib ki, bir neçə həftə əvvəl ekspertlərlə
birlikdə Culfa–Naxçıvan dəmir yolu xəttinə baxış keçirilib.

“Hazırda həmin hissədə qatarların saatda 20 kilometrdən artıq
sürətlə hərəkət etməsi mümkün deyil. Buna baxmayaraq, ekspertlərin
yekdil qənaəti ondan ibarət olub ki, dəmir yolu xətti hələ də
istifadəyə yararlıdır və düzgün investisiya ilə bərpa edilə bilər”,
– deyə o vurğulayıb.




Aİ rəsmisi bildirib ki, baxış zamanı körpülər, keçidlər və
sərhəd boyunca yerləşən hissələr də yoxlanılıb.

Onun sözlərinə görə, dəmir yolu xətti bəzi ərazilərdə Araz çayı
və sərhədə çox yaxın məsafədən keçir.

“Bu layihə milli əhəmiyyət daşıyan layihələrdən biridir və
düşünürəm ki, bugünkü təqdimatlardan yadda qalacaq əsas
təşəbbüslərdən biri məhz Naxçıvan dəmir yolu layihəsi olacaq”, –
deyə V.Bojkov əlavə edib.

O qeyd edib ki, Avropa İttifaqının dəstəyi ilə Gəncədə də bir
sıra investisiya layihələri həyata keçirilir.
Bildirilib ki, həmin layihələrdən biri su resurslarının idarə
olunması, digəri isə şəhərin küçə işıqlandırılması sisteminin
yenilənməsi ilə bağlıdır.

“Gəncə üçün müasir və enerjiyə qənaət edən küçə işıqlandırılması
sisteminin yaradılması həm təhlükəsizlik, həm də enerji
səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə o
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir