
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan
vəsaitdən istifadə qaydası təsdiqlənib.
Trend-in əldə
etdiyi məlumata görə, Dövlət Agentliyinin “ASAN xidmət”
mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının
işçilərinin mükafatlandırılması məqsədi ilə ayrılan vəsaitdən
istifadə qaydasını müəyyən edəcək.
Qaydalara əsasən, “ASAN xidmət” mərkəzləri üçün ayrılmış vəsait
hər ay Dövlət Agentliyi tərəfindən mərkəzlərin müvafiq xəzinə
hesablarına köçürüləcək.
Vəsaitin Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində
fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri arasında
bölgüsü ayda bir dəfə olmaqla hər ay üçün növbəti ayda həyata
keçiriləcək. Ayrılan vəsaitin bölgüsü Dövlət Agentliyinin Aparatına
münasibətdə Dövlət Agentliyinin sədrinin, “ASAN xidmət”
mərkəzlərinə münasibətdə müvafiq mərkəz direktorunun əmri əsasında
təsdiq ediləcək.
Dövlət Agentliyinin Aparatının işçisinə əmək məzuniyyətində
olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən
mükafat məbləğinin 50 %-i miqdarında, Dövlət Agentliyinin “ASAN
xidmət” mərkəzlərində fəaliyyət göstərən işçisinə əmək
məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət
günlərinə düşən mükafat məbləğinin 80 %-i miqdarında
ödəniləcək.
“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət
orqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan
“ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və
qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun
balına müvafiq miqdarda ödəniləcək.
Mükafat aşağıdakı günlər üçün hesablanmayacaq:
- İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin
hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər; - işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən
ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu
günlər.
Dövlət Agentliyində və “ASAN xidmət” mərkəzlərində 6 aydan az
fəaliyyət göstərən işçilərə və digər dövlət orqanlarının
işçilərinə, habelə “ASAN xidmət” mərkəzinin direktoru ilə
razılaşdırmadan əmək məzuniyyətinə çıxan digər dövlət orqanlarının
işçilərinə əmək məzuniyyətində olduğu dövr üzrə mükafat
ödənilməyəcək.
Dövlət Agentliyinin işçisi barəsində yazılı qaydada xəbərdarlıq
edildikdə növbəti ay üçün həmin işçiyə bu Qaydaya uyğun müəyyən
edilən mükafata 30 %-i, təqvim ilində təkrar yazılı qaydada
xəbərdarlıq edildikdə 50 %-i, intizam tənbehinin qüvvədə olduğu
müddət ərzində isə 100 %-i miqdarında azaltma tətbiq edilməklə
hesablama aparılacaq. İntizam tənbeh tədbirinin vaxtından əvvəl
götürülməsi ilə bağlı təqdimat olduqda Dövlət Agentliyinin sədrinin
əmri ilə intizam tənbeh tədbiri vaxtından əvvəl ləğv edilə və
mükafat ödənilə biləcək.
Vəsaitin 20 %-i Dövlət Agentliyinin Aparatının işçilərini
mükafatlandırılmaq, habelə Dövlət Agentliyinin işçilərinə və “ASAN
xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının
işçilərinə fərdi mükafatlar ödəmək, 80 %-i “ASAN xidmət”
mərkəzlərinin işçilərinin və digər dövlət orqanlarının işçilərini
mükafatlandırılmaq məqsədilə ayrılacaq. “ASAN xidmət” mərkəzlərinə
ayrılan vəsaitin 45 %-i Dövlət Agentliyinin “ASAN xidmət”
mərkəzlərində fəaliyyət göstərən işçiləri, 55 %-i isə “ASAN xidmət”
mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri
üçün nəzərdə tutulacaq.
Daha yüksək boş vəzifənin, habelə daha yüksək vəzifə üzrə başqa
işçinin (müəyyən səbəbdən (əmək məzuniyyətində olma istisna
olmaqla) iş yerində olmayan) əmək funksiyasının icrası həvalə
edilən işçinin mükafatlandırılması həvalə edilən vəzifə üzrə 3
aydan çox olmamaqla həyata keçiriləcək.
Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət
göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar
müəyyən edilərkən onların xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticələri və Dövlət Agentliyində iş stajı
nəzərə alınacaq. İş stajına görə fərdi mükafatlar ödənilən zaman
sosial məzuniyyət dövrləri və bir aydan çox müddətdə ödənişsiz
məzuniyyət dövrləri nəzərə alınmayacaq.
Məlumat üçün bildirək ki, yuxarıda vəsait
dedikdə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində
fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin
mükafatlandırılması məqsədi ilə Dövlət Agentliyinə dövlət
büdcəsindən ayrılan vəsait, mükafat dedikdə isə
Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət
göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması
məqsədi ilə ödənilən vəsait nəzərdə tutulur.
Qeyd edək ki, iyunun 2-də imzalanan qərar bu gündən qüvvəyə
minib.

