Qlobal dünyada Azərbaycan dili: 50 milyonluq ortaq körpü

Baş səhifə

Bakı.Trend:

Hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və
Azərbaycan Dili Günü sadəcə təqvimdə yer alan əlamətdar tarix
deyil. Bu gün xalqın tarixi yaddaşını, milli kimliyini və mədəni
irsini gələcək nəsillərə daşıyan ən mühüm dəyərlərdən biri olan ana
dilinin əhəmiyyətini bir daha xatırladır.

Dövlətin siyasi sərhədlərini xəritə müəyyənləşdirirsə, onun
mənəvi sərhədlərini dil qoruyur. Məhz buna görə də ana dili təkcə
ünsiyyət vasitəsi deyil, milli düşüncənin, tarixi yaddaşın və
dövlətçilik ənənələrinin yaşamasını təmin edən əsas sütunlardan
biridir.

Müstəqillik dövründə Azərbaycan dili hüquqi baxımdan ən yüksək
təminatını Konstitusiyada alıb. Belə ki, dövlət dilinin qorunması
və inkişafı dövlətin birbaşa vəzifəsi kimi müəyyənləşdirilib.
Sonrakı mərhələdə isə dil siyasəti yalnız hüquqi çərçivələrlə
kifayətlənməyib. Qloballaşmanın, rəqəmsal texnologiyaların, sosial
medianın və informasiya axınının yaratdığı yeni reallıqlar fonunda
ana dilinin qorunması məsələsi milli təhlükəsizlik, dövlətçilik və
milli kimliyin ayrılmaz tərkib hissəsi kimi ön plana çıxıb.

Bu yanaşmanın əsas məğzi ondan ibarətdir ki, müasir dövrdə dilin
qorunması artıq filoloqların və ya dilçilərin işi deyil. Bu, bütöv
cəmiyyətin və dövlətin ortaq məsuliyyətidir.

Prezident İlham Əliyevin 2025-ci ilin noyabrında Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı zamanı,
eləcə də 2026-cı ilin yanvarında yerli televiziya kanallarına
müsahibəsində Azərbaycan dili ilə bağlı çıxışlarında diqqət çəkən
əsas xətt də məhz bu idi. Prezident İlham Əliyevin çıxışlarında ana
dili yalnız mədəni irs kimi deyil, dövlətin dayanıqlığını təmin
edən strateji amil kimi təqdim olunurdu. Eyni zamanda dil
məsələsinə münasibətdə emosional yanaşmadan daha çox siyasi və
tarixi təhlil üstünlük təşkil edirdi.

“Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də
birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə”.
Prezident İlham Əliyeyin bu fikir əslində, dilə münasibətin
fəlsəfəsini ortaya qoyur. Dövlət atributları adətən bayraq, gerb və
himnlə məhdudlaşdırılır. Halbuki həmin atributların yaşaması üçün
onları daşıyan xalqın ortaq dili olmalıdır. Dil yalnız ünsiyyət
vasitəsi deyil, ortaq yaddaşı, ortaq düşüncəni və ortaq kimliyi
qoruyan sistemdir. Bu sistem zəiflədikcə milli həmrəylik də
zəifləməyə başlayır.

Azərbaycan xalqının tarixində uzun əsrlər müxtəlif imperiyaların
tərkibində yaşaması milli kimliyin qorunmasını daha da
çətinləşdirən amillərdən olub. Tarixi təzyiqlər, müxtəlif siyasi
sistemlər və ideoloji təsirlər milli şüura müəyyən izlər buraxsa
da, xalqın öz dilini qoruyub saxlaması milli müqavimətin ən mühüm
göstəricilərindən biri hesab edilir.
Əsrlərlə davam edən müstəmləkəçilik şəraitində xalqın öz dilini
itirməməsi Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biridir.
Bu baxımdan bugünkü nəsillərin üzərinə düşən vəzifə əcdadların
qoruduğu dili eyni saflıqla gələcəyə ötürməkdir.

Bəzən kiçik xalqların dillərinin qlobal dillərin təsiri altında
sıxışdırıldığı iddia olunur. Azərbaycan nümunəsində isə fərqli
yanaşma ortaya qoyulur. Dünyanın müxtəlif ölkələrində yaşayan 50
milyondan artıq azərbaycanlının ortaq dili milli həmrəyliyin əsas
bağlarından biri kimi qiymətləndirilir. Dil coğrafi sərhədləri
aşaraq dünya azərbaycanlılarını bir-birinə bağlayan mənəvi körpü
rolunu oynayır. Xaricdə yaşayan azərbaycanlıların ana dilini
qoruması məsələsi də məhz bu səbəbdən dövlət siyasətinin mərkəzində
dayanır.

Müasir dövrdə ana dilinin qarşılaşdığı əsas çağırışlardan biri
qloballaşmadır. İnternet, sosial şəbəkələr və beynəlxalq
informasiya məkanı dillər arasında sərhədləri xeyli zəiflədib.
Xarici sözlərin gündəlik nitqə daxil olması artıq qaçılmaz prosesə
çevrilib. Lakin Prezident İlham Əliyev bu prosesi dillərin
qarşıdurması kimi yox, milli məsuliyyət məsələsi kimi
qiymətləndirir:




“Xarici kəlmələr dilimizi zənginləşdirmir və milli kimliyimizi
də sarsıdır, damcı-damcı, yavaş-yavaş”.

Burada diqqət çəkən məqam təhlükənin birdən-birə deyil, tədricən
baş verməsi ilə bağlıdır. Milli kimlik bir anda yox olmur. O,
əvvəlcə dilin leksikasında, daha sonra düşüncə tərzində, nəticədə
isə mədəni yaddaşda aşınmağa başlayır. Bu baxımdan dilin saflığı
yalnız filoloji məsələ deyil, milli təhlükəsizlik məsələsinə
çevrilir.

Bununla yanaşı, təbii ki, xarici dillərin öyrənilməsinə qarşı
çıxılmır, əksinə, çox dil bilməyin vacibliyi vurğulanır. Lakin
başqa dilləri öyrənmək heç vaxt ana dilinin hesabına baş
verməməlidir. Xarici dillər bilik və ünsiyyət vasitəsidir, ana dili
isə milli kimliyin daşıyıcısıdır.

Azərbaycan dilinin müasir elm, texnologiya, diplomatiya və
informasiya cəmiyyətinin tələblərinə cavab vermək imkanına malik
olduğunu göstərir.

Dilin qorunması məsələsində məsuliyyət yalnız dövlətin üzərinə
düşmür. Alimlər, müəllimlər, yazıçı və şairlər, xüsusilə də media
nümayəndələri bu prosesin fəal iştirakçısı olmalıdırlar.
İnformasiya dövründə insanların gündəlik danışıq tərzinə ən çox
təsir göstərən məhz media məkanıdır.

Dili qanunlarla qorumaq mümkündür, lakin onu yaşadan cəmiyyətin
özüdür. İnsanlar ana dilinə nə qədər həssas yanaşarsa, dövlətin dil
siyasəti də bir o qədər uğurlu nəticə verər.

Ana dilini qorumaq gələcəyi təmin etməkdir. Dil təkcə sözlərdən
ibarət deyil. O, xalqın tarixi yaddaşı, mənəvi kodu və dövlətin
görünməyən sərhədidir. Ana dilinə sahib çıxmaq isə milli kimliyi,
dövlətçiliyi və gələcək nəsillərin mənəvi bütövlüyünü qorumaq
deməkdir.

Ana dilinin saflığının və zənginliyinin qorunması, eləcə də
rəqəmsal mühitdə güclü mövqeyə malik olması milli kimliyin
möhkəmlənməsinə, dövlətçilik təfəkkürünün güclənməsinə və
Azərbaycanın informasiya suverenliyinin daha da möhkəmlənməsinə
xidmət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir