
Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin
ilkin nəticələrinin açıqlanmasından sonra yenidən rəsmi İrəvanın
sülh kursuna, regional əməkdaşlığın inkişafına və qonşu dövlətlərlə
münasibətlərin normallaşdırılmasına sadiqliyini bəyan edib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Jurnalistlərin onun siyasi qüvvəsinin qələbəsindən sonra Türkiyə
və Azərbaycan xalqlarına ünvanladığı mesajla bağlı sualını
cavablandıran Paşinyan Ermənistan hökumətinin mövqeyinin dəyişməz
qaldığını bildirib.
Onun sözlərinə görə, Ermənistan sülh, regional rifah və
əməkdaşlığın tərəfdarıdır və bu yanaşmanın həm Türkiyədə, həm də
Azərbaycanda müsbət qarşılanacağına ümid edir.
Baş nazir qeyd edib ki, əsas vəzifələrdən biri Ermənistan və
Azərbaycan arasında sülh prosesinin instituallaşdırılmasıdır. O
xatırladıb ki, tərəflər artıq sülh sazişinin mətnini
razılaşdırıblar və növbəti addım onun imzalanması olmalıdır.
Ermənistan–Türkiyə münasibətlərinə toxunan Paşinyan iki ölkə
arasında sərhədin açılması və diplomatik münasibətlərin
qurulmasının zəruriliyini vurğulayıb. O, həmçinin Axalkalaki–Qars
dəmir yolu marşrutunun erməni yükləri üçün açılmasını müsbət
qiymətləndirib və bu addımın ticarət və logistika baxımından
əhəmiyyətini qeyd edib.
Hökumət başçısının sözlərinə görə, Ermənistan və Türkiyə
arasındakı münasibətlər hazırda müsbət dinamika üzrə inkişaf edir,
lakin yekun nəticənin əldə olunması üçün əlavə səylərə ehtiyac
var.
Paşinyan həmçinin Ermənistan hakimiyyətinin bütün Cənubi Qafqaz
üçün strateji təşəbbüs kimi qiymətləndirdiyi “Sülh Qovşağı”
layihəsinə toxunub. Onun fikrincə, bu layihənin həyata keçirilməsi
regionun nəqliyyat və iqtisadi arxitekturasını köklü şəkildə dəyişə
bilər.

