
Bakı.Trend:
Təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən son iki
gün ərzində 6 piyadavurma hadisəsi qeydə alınıb.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
məlumat verilib.
Bildirilib ki, hələ də əksər piyadaların yol hərəkəti
qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək
alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud
diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran
məşguliyyətə aludəçilik – bir sözlə ən sadə təhlükəsizlik
qaydalarına biganə yanaşılması yollarımızda yaşanan faciələrin
başlıca səbəblərindən biridir.
“Lakin, hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol birgə
istifadə məkanıdır. Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə
özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət
iştirakçısı, o cümlədən piyada potensial faciə qurbanıdır.
Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli
vəzifə isə yalnız yolu müəyyən olunmuş keçidlərdən və diqqətli
keçməkdir.
Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər
bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət
iştirakçılarının taleyini dəyişə bilər”,-məlumatda qeyd edilib.

