
Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatdan
çoxu vətəndaşlara qaytarılıb.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
“Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul
olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış
sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan
istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla
davam etdirilir.
2026-cı ilin yanvar – may ayları ərzində yaşayış və
qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş
ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 14 milyon
175,0 min manat təşkil edib”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanda “ƏDV geri al” mexanizmi son illərdə
istehlakçı hüquqlarının genişləndirilməsi və şəffaf maliyyə
dövriyyəsinin təşviqi baxımından mühüm alət kimi çıxış edir.
Yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı
ödənilən əlavə dəyər vergisinin bir hissəsinin fiziki şəxslərə
qaytarılması həm nağdsız ödənişlərin stimullaşdırılmasına, həm də
tikinti sektorunda maliyyə intizamının gücləndirilməsinə xidmət
edir.
Ümumilikdə, “ƏDV geri al” layihəsi ölkədə vergi mədəniyyətinin
formalaşdırılması, istehlakçıların maliyyə yükünün azaldılması və
iqtisadi dövriyyənin leqallaşdırılması istiqamətində vacib islahat
elementlərindən biri kimi qiymətləndirilir.

