
Bakı. Trend:
Bu ilin may ayında Azərbaycanda istehsal olunmuş elektrik
enerjisinin 33%-i bərpa olunan enerji mənbələrinin payına
düşüb.
Trend bu
barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, mayda ölkədə 2 milyard 83,4 milyon kVt·st
aqelektrik enerjisi istehsal edilib ki, bunun 689 milyon kVt·st-ı
bərpa olunan mənbələr hesabına təmin olunub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında may ayında
elektrik enerjisi tələbatı tam şəkildə bərpa olunan enerji
mənbələri hesabına qarşılanıb.
Azərbaycanda bərpaolunan enerji potensialının genişləndirilməsi
çərçivəsində 2027-ci ilin sonunadək günəş və külək enerjisi üzrə
ümumi gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata
çatdırılması nəzərdə tutulur.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin
yanvar–aprel aylarında ölkədə külək elektrik stansiyalarında (KES)
327,5 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Bu
göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 321,9 milyon
kVt-saat və ya 58,5 dəfə çoxdur.
Eyni dövrdə günəş elektrik stansiyalarında 121,8 milyon kVt-saat
elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrü
ilə müqayisədə 7,8 milyon kVt-saat və ya 6% azalma deməkdir.
Ümumilikdə, 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı sektorunda 1 milyard 322,7 milyon manat dəyərində məhsul
istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı,
tullantıların təmizlənməsi və emalı sahəsində isə istehsal həcmi
201 milyon manat təşkil edib.
2030-cu ilədək ümumi gücü 6 giqavata qədər, 2033-cü ilədək isə 8
giqavata qədər bərpa olunan enerji layihələrinin reallaşdırılması
gözlənilir.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən
Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və
Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində
çıxışında deyib ki, 2030-cu ilədək ümumi gücü 6 giqavata qədər,
2033-cü ilədək isə 8 giqavata qədər bərpa olunan enerji
layihələrinin reallaşdırılması gözlənilir. Onun sözlərinə görə, bu
genişlənmə nəticəsində yaranacaq elektrik enerjisi artıqlığı
hazırda müxtəlif inkişaf mərhələlərində olan dörd interkonnektor
vasitəsilə ixrac edilə bilər: “Bu interkonnektorlar Məşvərət
Şurasında geniş müzakirə olunduğundan, onların təfərrüatlarına
burada ayrıca toxunmuram.
Hazırda günəş və külək enerjisi ilə paralel olaraq digər
bərpaolunan enerji mənbələrinin də araşdırılması istiqamətində
ixtisaslaşmış elmi-tədqiqat institutlarının iştirakı ilə işlər
aparılır”.

