ABB Bank yaxın gələcəkdə elektron ticarət imkanlarını da genişləndirməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

ABB Bank yaxın gələcəkdə elektron ticarət imkanlarını
genişləndirməyi planlaşdırır.

Trend xəbər
verir ki, bunu ABB Bankın Ofis rəhbəri Mehmet Ali Savaş Bakıda
keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə deyib.

Onun sözlərinə görə, ABB 2024-cü ilin sonundan etibarən süni
intellekt texnologiyalarını ilk olaraq müştəri dəstəyi sahəsində
tətbiq etməyə başlayıb və qısa müddətdə ciddi nəticələr əldə
olunub.

“Hazırda sualla müraciət edən müştərilərin təxminən 70 faizinə
cavab birbaşa süni intellekt vasitəsilə verilir. Bu prosesdə
müştəri xidmətləri əməkdaşlarının əlavə müdaxiləsinə ehtiyac qalmır
və müraciətlər uğurla cavablandırılır”, – deyə o bildirib.

Mehmet Ali Savaş qeyd edib ki, ABB artıq maliyyə
əməliyyatlarının da süni intellekt vasitəsilə həyata keçirilməsi
istiqamətində mühüm mərhələyə çatıb:

“Dünyadakı nümunələrə baxdığımız zaman bu sahədə ABB-yə rəqib
ola biləcək bankların çox az olduğunu düşünürəm. Bu, Azərbaycanın
qürur duymalı olduğu bir nailiyyətdir”.

O vurğulayıb ki, sistem tamamilə lokal infrastruktur üzərində
qurulub və məlumatların ölkə xaricinə ötürülməsinə yol
verilmir:




“Azərbaycanda yerləşən GPU infrastrukturu vasitəsilə daxil olan
sorğular emal edilir, müştərinin nə etmək istədiyi
müəyyənləşdirilir və ona uyğun cavab təqdim olunur”.

ABB rəsmisi bildirib ki, bankın əsas məqsədi yalnız maliyyə
xidmətləri göstərmək deyil, müştərilərin gündəlik həyat təcrübəsini
dəyişməkdir.

Bu çərçivədə ABB tərəfindən yeni “DigiTravel” layihəsinə start
verildiyi qeyd olunub. Layihə çərçivəsində artıq 300-dən çox bilet
satılıb və istifadəçilər ABB Mobile tətbiqi vasitəsilə birbaşa
aviabilet ala bilirlər.

Bundan başqa, yaxın zamanda tədbirlər və əyləncə sektorunu əhatə
edən yeni platformanın istifadəyə veriləcəyi açıqlanıb. Platforma
vasitəsilə istifadəçilər həftəsonu planları qura, konsert və digər
tədbirlərə biletlər əldə edə biləcəklər.

“Biz bütün bu ayrı-ayrı xidmətləri süni intellekt vasitəsilə
vahid ekosistemdə birləşdirmək istəyirik. Məqsəd müştəriyə səyahət,
hotel, tədbir bileti və hətta kreditləşdirmə imkanlarını bir
platformada təqdim etməkdir”, – deyə Mehmet Ali Savaş əlavə
edib.

O həmçinin bildirib ki, ABB yaxın gələcəkdə elektron ticarət
imkanlarını da genişləndirməyi planlaşdırır. Bank növbəti rübün
sonuna qədər ABB Mobile tətbiqində yalnız aviabilet və tədbir
biletlərinin deyil, müxtəlif məhsulların, o cümlədən smartfon və
məişət texnikasının da satışını həyata keçirməyi hədəfləyir.

“Süni intellekt istifadəçilərə doğru məhsulu seçməkdə də kömək
edəcək”, – deyə ABB nümayəndəsi vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir