
Bakı. Trend:
Pakistan ordusu Əfqanıstan-Pakistan sərhədi yaxınlığındakı
Tehreek-e Taliban Pakistan (TTP) sığınacaqlarına zərbələr
endirib.
Bu barədə Pakistan mediası məlumat yayıb.
Bildirilib ki, Pakistanda baş verən son terror hücumlarından
sonraPakistan-Əfqanıstan sərhədi boyunca ərazilərdə dəqiq və
hədəflənmiş zərbələr endirilib. TTP liderlərinin və komandirlərinin
sığınacaqları və gizləndikləri yerlər hədəf alınıb və Hindistan
tərəfindən dəstəklənən 26 yaraqlı öldürülüb.
Pakistanın informasiya naziri təlim düşərgəsi və silah anbarı da
daxil olmaqla dörd hədəfin məhv edildiyini açıqlayıb. Nazir
Pakistanın təhlükəsizliyinə təhdidin aradan qaldırılması üçün
tədbirlərin davam etdiriləcəyinə söz verib. O, həmçinin zərbələrin
Peşəvərdə sərhəd polisi postuna edilən hücuma cavab olaraq
endirildiyini qeyd edib.
Əfqanıstan hakimiyyəti Pakistan hava qüvvələrinin ölkənin
şərqində hava hücumları təşkil etdiyini və 11-i uşaq olmaqla 13
nəfərin öldüyünü bildirib.
2600 kilometr uzunluğundakı Əfqanıstan-Pakistan sərhədi boyunca
vəziyyət illərdir gərgin olaraq qalır. 2025-ci ilin oktyabr ayında
ciddi toqquşmalar baş verib. Pakistan əvvəllər Əfqanıstan ərazisinə
hücumlar təşkil edərək Əfqanıstan hökumətinin müttəfiqi olan TTP və
Bəlucistan Azadlıq Ordusunun bazalarını hədəfə alıb. İslamabad
həmçinin Kabili Hindistanla koordinasiyalı hərəkət etməkdə
günahlandırır. Əfqanıstan hakimiyyəti isə öz növbəsində TTP-ni
qorumaq ittihamlarını rədd edərək ərazilərinin digər ölkələrə qarşı
istifadəsinə icazə vermədiklərini iddia edir. Kabil həmçinin
Pakistanın Əfqanıstan hökumətinin əleyhdarlarını dəstəklədiyini
iddia edir.

