
Bakı. Trend:
Azərbaycanın sülh gündəliyi mövzusu yalnız Cənubi Qafqaz üçün
deyil, daha geniş coğrafiyanı əhatə edən ölkələr, hətta regionlar
üçün xüsusi əhəmiyyət daşıyır.
Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli
BMTM tərəfindən keçirilən “Cənubi Qafqazda yeni geosiyasi
reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda konfransda
deyib.
Şöbə müdirinin sözlərinə görə, son illərdə regionda çox böyük
hadisələr və proseslər baş verib ki, bunlar regionun geosiyasi
konfiqurasiyasına və təhlükəsizlik arxitekturasına ciddi təsir
göstərib:
“İkinci Qarabağ müharibəsindən sonra başlayan sülh prosesi və
sülh gündəliyinin müəllifi təbii ki, Azərbaycandır. Azərbaycanın
irəli sürdüyü prinsiplər əsasında sülh gündəliyi formalaşıb və bu
gündəlik həm Ermənistan, həm də digər dövlətlər tərəfindən qəbul
olunub. Eyni zamanda yeni formalaşan geosiyasi reallıqlar da
beynəlxalq səviyyədə qəbul edilib.
Sülh gündəliyinin və bütövlükdə yeni geosiyasi reallıqların
qəbul olunması asan başa gəlməyib. Bu, ilk növbədə Azərbaycan
dövlətinin İkinci Qarabağ müharibəsindən sonra həyata keçirdiyi
düşünülmüş xarici siyasət və diplomatiyanın nəticəsində mümkün
olub”.
M.Məmmədli vurğulayıb ki, bu gün əsas məsələ təbii ki, sülhdür.
Sülh olmadan regionda dayanıqlı inkişafdan və təhlükəsizlikdən
danışmaq mümkün deyil:
“Keçmiş münaqişə ilə bağlı narrativləri yenidən gündəmə gətirmək
və onlara qayıtmaq hesab edirəm ki, sülh prosesinə ciddi təhdid
yarada bilər. Azərbaycanın sülh gündəliyi də məhz bu prinsipə
əsaslanır ki, regionda ilk növbədə dayanıqlı sülhə nail
olunmalıdır. Yalnız bundan sonra regional inteqrasiya və iqtisadi
əməkdaşlıq imkanları genişlənə bilər.
Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn hamı tərəfindən
qəbul edilmiş norma və prinsiplərinə, eyni zamanda dövlətlərin
suverenliyinə əsaslanır. Bundan əlavə, bu gündəlik bütün növ
təhdidlərdən və güc tətbiqindən imtinanı nəzərdə tutur”.
O əlavə edib ki, Azərbaycan həm dövlət, həm də cəmiyyət olaraq
sülhə hazırdır və sülh istəyir:
“Lakin sülhə nail olmaq üçün yalnız Azərbaycanın istəyi kifayət
deyil. Ermənistan da bu istəyi nümayiş etdirməli və onun həyata
keçirilməsi üçün inamlı addımlar atmalıdır.
Əlbəttə, sülh prosesi geniş anlayışdır və illərlə, hətta
onillərlə davam edə bilər. Lakin ən azı siyasi-hüquqi və diplomatik
müstəvidə bu prosesi yekunlaşdırmaq mümkündür.
Bunun üçün Ermənistan hakimiyyəti son parlament seçkilərində
Ermənistan cəmiyyətindən müəyyən mandat alıb. Bu gün Nikol Paşinyan
və onun komandası seçkilərdə qalib gəlibsə, bu o deməkdir ki,
Ermənistan cəmiyyətinin bir hissəsi onun sülh gündəliyinə dəstək
verib.
Bizim əsas gözləntimiz odur ki, yaxın perspektivdə Ermənistan
hakimiyyəti və bütövlükdə Ermənistan cəmiyyəti öz məsuliyyətini
dərk edərək sülh quruculuğu istiqamətində zəruri addımları
atsın”.

