Nazir müavini: Dövlət Proqramında buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib

Baş səhifə

Məhsuldarlığı maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir. Burada əsas məqsəd yalnız əkin sahələrinin artırılması deyil, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və daha keyfiyyətli məhsul əldə etməkdir.

APA-nı Şirvan bürosu xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə bildirib.

“Bu proqram 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu isə onu göstərir ki, sənəd yalnız ümumi yanaşma deyil, konkret hədəflərə, konkret icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanan kompleks inkişaf proqramıdır.Dövlət Proqramında bir neçə fundamental istiqamət xüsusi olaraq müəyyən edilib. Bunlara intensiv bağ sahələrinin artırılması, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sahələrinin genişləndirilməsi, aqropark və istixana fəaliyyətinin genişləndirilməsi, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması, intensiv heyvandarlıq təsərrüfatlarının artırılması.Bununla yanaşı, proqram yalnız istehsal istiqamətlərini deyil, həm də dəstəkləyici tədbirləri əhatə edir. Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma bu proqramın mühüm dayaqlarıdır. “Aqrar sahə haqqında”, “Toxumçuluq haqqında”, “Balıqçılıq haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur.Eyni zamanda aqrar süni intellekt sisteminin genişləndirilməsi, EKTİS-in data yönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və məlumat əsaslı idarə olunmasına xidmət edəcək.Bu gün artıq aqrar siyasət yalnız sahədə görülən işlərlə məhdudlaşmır. Bizim qərarlarımız məlumatlara, xəritələrə, elektron sistemlərə, peyk müşahidələrinə, torpaq və su balansına, real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır. Ona görə də rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir.”

Proqramın ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir. Bu sahədə yanaşma artıq daha hədəfli formalaşdırılır. Rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır.Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Ağsu rayonu bu 22 rayonun siyahısına daxildir.Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında hansı ki buna İsmayıllı, Şamaxı, Qobustan da daxildir- 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir.Bu hədəflərə çatmaq üçün bir neçə əsas tədbir nəzərdə tutulur. Birincisi, müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. İkincisi, texnika təminatı yaxşılaşdırılacaq. Üçüncüsü, lazer hamarlama texnologiyasının tətbiqi genişləndiriləcək. Dördüncüsü, buğda istehsalının inkişafına dövlət dəstəyi artırılacaq. Beşincisi, aqrotexniki qulluq işlərinə nəzarət gücləndiriləcək və zəruri meliorativ tədbirlər həyata keçiriləcək.Burada xüsusi qeyd edilməli olan dəstək mexanizmlərindən biri kredit faizlərinin subsidiyalaşdırılmasıdır. Birillik əkinlərin istehsalı üçün banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Bu, fermerlərin maliyyə yükünü azaltmaq və əkin dövriyyəsinə daha rahat vəsait cəlb etmək baxımından mühüm dəstəkdir.Digər mühüm dəstək lazer hamarlama ilə bağlıdır. Lazer hamarlama tətbiq edən fermerlərin istehsal etdiyi məhsulu dəyirmanlara təhvil verdiyi hər tona görə həm fermerə, həm də dəyirmana əlavə məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Bu mexanizm həm fermeri texnologiyadan istifadəyə təşviq edir, həm də emal müəssisələri ilə istehsalçı arasında əlaqəni gücləndirir.Buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil. Toxum düzgün seçilməli, torpaq analizi aparılmalı, səpin optimal müddətdə həyata keçirilməli, gübrələmə norması torpağın real tərkibinə uyğun müəyyən edilməli, suvarma vaxtında aparılmalı, xəstəlik və zərərvericilərə qarşı mübarizə gecikdirilməməlidir.Növbəti əsas istiqamət müasir suvarma sistemlərinin genişləndirilməsidir. Su resurslarından səmərəli istifadə bu gün kənd təsərrüfatında ən aktual məsələlərdən biridir. İqlim dəyişmələri, yağıntıların azalması, suya tələbatın artması bizi daha qənaətli və daha səmərəli suvarma texnologiyalarına keçməyə məcbur edir.Dövlət Proqramında müasir suvarmanın tətbiqinin genişləndirilməsi, sudan faydalı istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib. Bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək.Hazırda müasir suvarma sistemləri quraşdırılmış sahələr 130 min hektardır. 2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması proqnozlaşdırılır. Bunun 88,1 min hektarı 22 hədəf rayonda, 12 min hektarı isə 8 perspektiv rayonda nəzərdə tutulur.Müasir suvarma ilə bağlı əsas dəstək tədbirləri də konkret müəyyən edilib. Müasir suvarma sistemləri fermerlərə güzəştli qiymətlərlə satılacaq. Qalıq dəyərinin güzəştli kredit şərtləri ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Bu sahədə fermerin ilkin ödəniş yükünün azaldılması, güzəşt müddətinin artırılması, qalan hissənin isə güzəştli kreditlə maliyyələşdirilməsi mexanizmi formalaşdırılır.Bundan əlavə, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri üçün fermerlərə əlavə subsidiya verilir. Hazırda bu məbləğ hər hektara görə 60 manat təşkil edir. Bu dəstək fermeri daha qənaətli suvarma texnologiyalarına keçməyə stimullaşdırır.Müasir suvarmanın üç əsas nəticəsi var: birincisi, sudan səmərəli istifadə olunur; ikincisi, məhsuldarlıq artır; üçüncüsü, ümumi istehsal həcmi yüksəlir. Bu, həm fermerin gəlirinə, həm də ölkənin ərzaq təminatına birbaşa təsir göstərir.Mühüm istiqamətlərdən biri də texnika təminatının yaxşılaşdırılmasıdır. Bu gün məhsuldarlığın artırılması üçün müasir texnika ilə təminat əsas şərtlərdən biridir. Vaxtında səpin, vaxtında becərmə, vaxtında yığım — bunların hamısı texnikanın mövcudluğundan və onun düzgün idarə olunmasından asılıdır.Dövlət Proqramında 22 rayon üçün kombayn parkının 571 ədəd yeni kombaynla yenilənməsi nəzərdə tutulur. Bu, taxılçılıqda məhsul itkilərinin azaldılması və yığım prosesinin optimal müddətdə başa çatdırılması baxımından mühüm addımdır.Torpaq resurslarından səmərəli istifadə Proqramın əsas istiqamətlərindən biridir. Bu sahədə ən mühüm texnologiyalardan biri lazer hamarlama, yəni lazer mala texnologiyasıdır.

Lazer hamarlama torpağın səthinin bərabər formada hazırlanmasını təmin edir. Bu texnologiya suvarmanın daha bərabər aparılmasına, su itkilərinin azalmasına, torpağın şoranlaşma riskinin aşağı düşməsinə, toxumun daha bərabər çıxış verməsinə və nəticədə məhsuldarlığın artmasına şərait yaradır.Dövlət Proqramında lazer hamarlama texnologiyasının tətbiqi üçün subsidiya mexanizminin tətbiqi nəzərdə tutulur. Ümumilikdə 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır.Bu, xüsusilə suvarılan taxıl sahələri üçün çox vacibdir. Çünki sahə düzgün hamarlanmadıqda su bir hissədə yığılır, digər hissəyə çatmır. Nəticədə bir yerdə bitki boğulur, başqa yerdə susuz qalır. Lazer hamarlama isə suvarmanın səmərəliliyini artırır və sahənin bütün hissələrində bərabər inkişaf üçün şərait yaradır.Fermerlərə bu istiqamətdə tövsiyəmiz ondan ibarətdir ki, iri sahələrdə, xüsusilə 5 hektardan yuxarı əkinlərdə lazer hamarlama texnologiyasının tətbiqinə ciddi yanaşsınlar. Bu, ilk mərhələdə xərc kimi görünə bilər, lakin suya qənaət, məhsuldarlıq artımı və torpağın uzunmüddətli qorunması baxımından iqtisadi cəhətdən səmərəli yanaşmadır.Növbəti istiqamət taxıl siloları və soyuducu anbar infrastrukturunun yaxşılaşdırılmasıdır. İstehsalı artırmaq vacibdir, lakin məhsulu düzgün saxlamaq və bazara düzgün çıxarmaq da bir o qədər vacibdir.Əgər fermer məhsulu yığdıqdan sonra saxlama imkanı yoxdursa, o, məhsulu dərhal və çox vaxt aşağı qiymətə satmağa məcbur olur. Bu isə fermerin gəlirinə mənfi təsir göstərir. Eyni zamanda məhsul itkiləri artır, keyfiyyət qorunmur, emal və ixrac imkanları məhdudlaşır.Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin hazırlanması və tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə isə kredit faiz subsidiyası tətbiq ediləcək.Soyuducu anbarlar üzrə də 100 min ton əlavə tutumun yaradılması təşviq olunacaq. Burada da avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə kredit faiz subsidiyası nəzərdə tutulur.

Bu dəstək mexanizmləri həm taxılçılıqda, həm meyvəçilikdə, həm tərəvəzçilikdə, həm də ixracyönümlü məhsul istehsalında böyük əhəmiyyət daşıyır. Məhsulun saxlanması fermerə bazara daha uyğun zamanda çıxmaq imkanı verir. Bu isə gəlirin artmasına, ixracın genişlənməsinə və ərzaq təhlükəsizliyinin güclənməsinə xidmət edir.

Dağlıq Şirvan iqtisadi rayonu üçün bu istiqamət xüsusi önəm daşıyır. Regionda taxılçılıqla yanaşı, meyvəçilik potensialı var. Bu potensialın dəyərə çevrilməsi üçün saxlama, soyutma, çeşidləmə, qablaşdırma və emal infrastrukturu genişləndirilməlidir.

Dövlət Proqramının mühüm istiqamətlərindən biri də intensiv bağçılığın genişləndirilməsidir. İntensiv və super intensiv bağlar müasir kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir. Bu bağlarda bir hektardan daha çox məhsul götürmək, su və torpaq resurslarından daha səmərəli istifadə etmək, məhsulun keyfiyyətini və ixrac imkanlarını artırmaq mümkündür.

2030-cu ilə qədər intensiv bağların genişləndirilməsi, istehsal həcminin artırılması və bağçılıqda dəyər zəncirinin gücləndirilməsi əsas hədəflərdən biridir. Bu istiqamətdə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu çox vacibdir, çünki intensiv bağın salınması ilkin mərhələdə daha böyük yatırım tələb edir.

Bundan əlavə, intensiv və super intensiv bağlarda müasir suvarma sistemlərinin tətbiqi dəstəklənəcək. Bu sahədə suvarma düzgün qurulmasa, bağın məhsuldarlığı və davamlılığı təmin oluna bilməz. Ona görə də bağçılıqla suvarma siyasəti birlikdə aparılmalıdır.

Bağçılıqda aqrotexniki qulluq üçün nəzərdə tutulan subsidiyanın bir hissəsinin avans şəklində əvvəlcədən ödənilməsi də mühüm dəstək mexanizmi olacaqdır. Çünki bağçılıqda budama, gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə, suvarma və digər qulluq tədbirləri vaxtında aparılmalıdır. Fermerin mövsümün əvvəlində maliyyə imkanının olması bu tədbirlərin keyfiyyətinə birbaşa təsir edir.

Eyni zamanda sertifikatlaşma subsidiyasının tətbiqi nəzərdə tutulur. GlobalG.A.P. və orqanik sertifikatlar ixrac bazarlarına çıxış üçün mühüm şərtdir. Biz yalnız məhsul istehsal etməməliyik, həm də həmin məhsulu beynəlxalq bazarların tələb etdiyi standartlara uyğun təqdim etməliyik.

Məhsul subsidiyasının alma və nar üzrə tətbiqi də bağçılıqda istehsalçıların təşviqi baxımından əhəmiyyətlidir. Bu, həm məhsuldarlığın artırılmasına, həm də ixracyönümlü bağçılığın inkişafına xidmət edəcək.

Heyvandarlıq da Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Xüsusilə iribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, idxaldan asılılığın azaldılması və özünütəminetmə səviyyəsinin artırılması əsas hədəflər kimi müəyyən olunub.

2030-cu ilə qədər süd istehsalının 11 faiz, mal əti istehsalının 21 faiz artırılması hədəflənir. Cins heyvanların sürüdə payının 5,6 dəfə artırılması nəzərdə tutulur. Süd idxalının 49,6 faiz, mal əti idxalının isə 40,2 faiz azaldılması qarşıya məqsəd qoyulur. Özünütəminetmə səviyyəsində də süd üzrə 8,5 faiz, mal əti üzrə 11,5 faiz artım nəzərdə tutulur.

Bu hədəflərə çatmaq üçün südlük və ətlik klasterlərin yaradılması, klaster daxilində müxtəlif tutuma malik 1000-ə yaxın yeni təsərrüfatın formalaşdırılması və bu təsərrüfatların cins damazlıq heyvanlarla təmin edilməsinin dəstəklənməsi nəzərdə tutulur.

Bundan əlavə, 90 süd toplama və 15 dəri toplama məntəqəsinin yaradılması dəstəklənəcək. Bu, heyvandarlıqda yalnız istehsalın deyil, eyni zamanda tədarük, emal və satış zəncirinin də qurulmasına xidmət edir.

İribuynuzlu bütün heyvanların identifikasiyasının aparılması da mühüm tədbirdir. Heyvanların identifikasiyası xəstəliklərə nəzarət, damazlıq işinin təşkili, məhsuldarlığın izlənməsi və subsidiyaların şəffaf tətbiqi baxımından vacibdir.

Yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması da bu sahədə əsas şərtlərdən biridir. Heyvandarlıqda məhsuldarlıq yalnız heyvanın cinsindən asılı deyil. Yem bazası zəifdirsə, ən yaxşı cins heyvandan da yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Ona görə də yemçilik, su təminatı, baytarlıq xidməti və təsərrüfat idarəçiliyi birlikdə inkişaf etməlidir.

Bu sahədə damazlıq heyvan subsidiyasının və heyvandarlıqda məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Bu dəstəklər fermerləri daha məhsuldar heyvanlara keçməyə, süd və ət istehsalını artırmağa, təsərrüfatlarını daha intensiv modelə keçirməyə təşviq edəcək.

Qoyunçuluq sektoru da proqramda xüsusi yer tutur. 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması, heyvanların sayının 10 faiz yüksəldilməsi, ixracın 2,9 min tona çatdırılması və özünütəminetmə səviyyəsinin 7 faiz artırılması nəzərdə tutulur.

Bu istiqamətdə 300 yeni yarım-intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır. Bu, ənənəvi qoyunçuluqdan daha məhsuldar və daha idarəolunan modelə keçid deməkdir.

Eyni zamanda 10 yun toplama məntəqəsi və 1 yun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu, qoyunçuluqda əlavə dəyərin formalaşdırılması baxımından çox vacibdir. Biz yalnız ət istehsalını deyil, yun, dəri və digər yan məhsulların da iqtisadi dövriyyəyə cəlb olunmasını təmin etməliyik.

Yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması qoyunçuluq üçün də əsas məsələdir. Bundan başqa, 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur. Otlaqların bərpası heyvandarlığın davamlılığı üçün zəruridir. Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür.

Heyvanlar üçün içməli su təminatının yaxşılaşdırılması məqsədilə 100 subartezian quyusunun qazılmasının dəstəklənməsi də nəzərdə tutulur. Bu, xüsusilə yaylaq-qışlaq sistemi, yarımintensiv təsərrüfatlar və su çatışmazlığı olan ərazilər üçün mühüm dəstəkdir.

Qoyunçuluq sahəsində xarici investisiyaların cəlb edilməsi üçün aqroparkın yaradılması da nəzərdə tutulur. Bu, sektorun müasir idarəetmə, texnologiya və bazar imkanları ilə inkişafına töhfə verə bilər.

Bu Dövlət Proqramının uğurlu icrası üçün bütün tərəflərin üzərinə ciddi vəzifələr düşür. Sahibkarlar və özəl sektor da bu prosesdə daha fəal olmalıdır. Silo, soyuducu anbar, emal müəssisələri, süd toplama məntəqələri, yun toplama və emal infrastrukturu, intensiv bağçılıq və heyvandarlıq təsərrüfatları üzrə investisiya imkanları genişdir. Dövlət dəstək mexanizmləri bu investisiyaların həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

Nəticə etibarilə, 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu proqramın əsas mahiyyəti ondan ibarətdir ki, biz daha çox torpaqdan istifadə etməklə deyil, mövcud torpaqdan daha səmərəli istifadə etməklə məhsuldarlığı artırmalıyıq.

Regionun torpaq, su, insan kapitalı və istehsal ənənələri böyük potensial yaradır. Əsas məsələ bu potensialı düzgün təşkilatçılıq, dövlət dəstəyi, fermer məsuliyyəti və özəl sektor investisiyası ilə real nəticəyə çevirməkdir.

Qeyd edilən istiqamətlərdə birgə fəaliyyətimizin əhəmiyyəti yüksəkdir və Kənd Təsərrüfatı Nazirliyi olaraq mütəmadi olaraq tərəflərlə görüşlərimiz, məlumat mübadiləmiz, problemlərin həlli istiqamətində tədbirlərimiz davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir