
Bakı. Trend:
Təsdiq olunmuş Dövlət Proqramı qarşıya mühüm hədəflər qoyur və
bu hədəflərə nail olmaq hər kəsin fəal iştirakını tələb edir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu İsmayıllı Rayon İcra
Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda keçirilən Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura
məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr
olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə
deyib.
Nahid Bağırov qarşıda duran hədəfləri də açıqlayıb.
“Bizim hədəflərimiz aydındır:
• Taxıl və digər bitkilərdə məhsuldarlığı elmi əsaslarla
artırmaq;
• Torpağın münbitliyini qorumaq üçün növbəli əkin sistemini
genişləndirmək;
• Meyvəçilik və üzümçülük ənənələrini qoruyaraq intensiv bağların
salınmasını sürətləndirmək;
• Tərəvəz istehsalında mütərəqqi və innovativ üsulları
stimullaşdırmaq;
• Soyuducu anbarların logistik imkanlarından maksimum səmərəli
istifadə etmək;
• Su ehtiyatlarının idarə olunmasını təkmilləşdirmək və müasir
qənaətcil suvarma şəbəkələrini genişləndirmək”, – deyə o
bildirib.
“Dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı
fermerlərin, sahibkarların rifahının yüksəldilməsinə, ərzaq
təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. Qarşıda duran
vəzifələri uğurla yerinə yetirmək üçün müasir yanaşmaların tətbiqi,
ekstensiv və intensiv inkişaf metodlarının uzlaşdırılması məhsul
istehsalının və məhsuldarlığın daha da artırılmasına imkan
verəcək.
Lakin xüsusi vurğulamalıyıq ki, dövlətin təqdim etdiyi geniş
imkanlardan və resurslardan şəffaf, məqsədyönlü və qənaətlə
istifadə olunması təkcə dövlət qurumlarının deyil, həm də hər bir
fermerin və sahibkarın üzərinə düşən vətəndaşlıq borcudur. Dövlət
Proqramının uğurlu icrası, istehsalçıların qarşılaşdığı
çətinliklərin operativ həlli, dövlət dəstəyi mexanizmlərinin
əlçatanlığının təmin edilməsi və proseslərə effektiv nəzarət bütün
tərəflərdən yüksək koordinasiya və məsuliyyət tələb edir”, – deyə o
vurğulayıb.
Nahid Bağırov regiondakı su mənbələrinin əhəmiyyətinə toxunub.
İsmayıllıda su təminatı və suvarma infrastrukturu kənd
təsərrüfatının müasir tələbatına uyğunlaşdırılır.
“Aşıqbayramlı su anbarı və regionun digər su mənbələri
torpaqlarımızın münbitliyinin bərpası, eləcə də regional
məhsuldarlığın artırılmasında strateji əhəmiyyət kəsb edir. Qlobal
iqlim dəyişiklikləri fonunda suya qənaət edən müasir sistemlərin
tətbiqi, iqlimə dözümlü toxum sortlarının istifadəsi kimi prioritet
hesab edilən istiqamətlər qarşıda duran əsas vəzifələrdəndir”, –
deyə icra başçısı qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il
25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura
məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə bu
gündən regional müşavirələrə başlanılıb. Regional müşavirələr
Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.
Görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də
kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş
tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan
tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata
keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil
olunur.

