AMB 2025-ci ili mənfəətlə başa vurub

Baş səhifə

Bakı. Trend:

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən
Azərbaycan Mərkəzi Bankının (AMB) 31 dekabr 2025-ci il tarixinə
gəlirləri 1 milyard 59.6 milyon manat təşkil edib.

AMB-nin məlumatına əsasən, gəlirlərin 863.8 milyon manatı
valyuta aktivlərinin idarə edilməsi üzrə faiz, yenidən
qiymətləndirmə və konvertasiya gəlirlərindən, 69.5 milyon manatı
daxili bazarda əldə edilmiş qiymətli kağızlar üzrə faiz
gəlirlərindən, 6.9 milyon manatı mərkəzləşdirilmiş kredit
resursları üzrə faiz gəlirlərindən, 18.5 milyon manatı müştərilərə
göstərilən xidmətlər üzrə gəlirlərdən ibarət olub.

Həmçinin 8.8 milyon manatı maliyyə aktivlərinin amortizasiyası
və 0.7 milyon manatı həmin aktivlərin ədalətli dəyərinin
dəyişiklikləri üzrə gəlirlər, 0.7 milyon manatı isə daxili bazarda
törəmə maliyyə alətləri üzrə gəlirlər yaradıb. Əlavə olaraq 12.8
milyon manatı amortizasiya olunan kateqoriyasına aid maliyyə
aktivləri üzrə yaradılmış ehtiyatların bərpasından və 14.5 milyon
manatı xatirə və investisiya pul nişanlarının satışı, investisiya
mülkiyyətinin yenidən qiymətləndirmə üzrə və s. gəlirlərdən
formalaşıb. Valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə
mühasibat gəliri 63.4 milyon manat təşkil edib.




Hesabat dövründə Mərkəzi Bankın xərcləri bütövlükdə 334.8 milyon
manat təşkil edib ki, bu xərclərin 211.6 milyon manatı əməliyyat
xərclərinin payına düşür. Əməliyyat xərcləri əsasən Mərkəzi Bankın
həyata keçirdiyi sterilizasiya əməliyyatları nəticəsində yaranmış
xərclərdən, o cümlədən 114.9 milyon manatı banklardan cəlb edilmiş
depozitlər üzrə, 27.8 milyon manatı AMB-nin notları üzrə, 13.7
milyon manatı isə banklarla repo əməliyyatları üzrə faiz
xərclərindən ibarət olmuşdur. Bundan əlavə, əməliyyat xərclərinin
2.2 milyon manatını xarici maliyyə bazarlarında əməliyyatlar üzrə
komissiya xərcləri, 31.5 milyon manatını Dövlət Xəzinədarlıq
Agentliyi, Azərbaycan Dövlət Neft Fondu və Əmanətlərin
Sığortalanması Fondu üzrə faiz xərcləri, 3.8 milyon manatını
Beynəlxalq Valyuta Fondu üzrə xalis faiz xərcləri, 3.0 milyon
manatını nağd xarici valyutanın gətirilməsi xərcləri, 14.7 milyon
manatını isə kağız və 27 metal pulların (o cümlədən yubiley və
xatirə pul nişanlarının) hazırlanması və nəqli üzrə xərclər təşkil
edib.

Əməliyyat xərcləri çıxıldıqdan sonra Mərkəzi Bankın xərclərinin
123.2 milyon manatı inzibati və digər ənənəvi xərclərdən, o
cümlədən 65.2 milyon manatı işçilərin əmək haqqı və Dövlət Sosial
Müdafiə Fonduna ayırmalar üzrə xərclərdən, 28.8 milyon manatı əsas
vəsaitlər və qeyri-maddi aktivlər üzrə köhnəlmə xərclərindən, 29.2
milyon manatı digər ənənəvi xərclərdən (proqram təminatı və
serverlərin dəstəklənməsi, inzibati binanın saxlanma və mühafizə
xərcləri, ezamiyyə və s. xərclər) ibarət olub.

Beləliklə, 2025-ci il üzrə Mərkəzi Bankın maliyyə fəaliyyəti
724.8 milyon manat mənfəət ilə nəticələnib, reallaşdırılmış
mənfəətin sərbəst qalığı isə 586.0 milyon manat təşkil edib.
31.12.2025-ci il tarixə Mərkəzi Bankın cəmi kapitalı 2 milyard
154.4 milyon manat, o cümlədən xarici valyuta mövqeyinin yenidən
qiymətləndirilməsi üçün məcmu gəlir üzrə ehtiyat 33.3 milyon manat,
ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli
kağızların yenidən qiymətləndirilməsi üzrə mühasibat gəliri 6.0
milyon manat, bölüşdürülməmiş mənfəəti isə 1 milyard 115.1 milyon
manat təşkil edib. Mərkəzi Bankın əvvəlki ildə (2024-cü) əldə
etdiyi mənfəətin sərbəst qalığı hesabına 2025-ci ildə 542.2 milyon
manat məbləğində vəsait Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin
Təminat Fonduna köçürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir