
Bakı. Trend:
Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal
hadisə ilə bağlı bu ölkənin bəzi mətbuat orqanları birtərəfli,
yönləndirici, ictimai rəyi çaşdıran və Azərbaycanın beynəlxalq
imicini korlamağı hədəfləyən materiallar paylaşmaqdadırlar.
Bu fikirlər Medianın İnkişafı Agentliyinin açıqlamasında yer
alıb.
Bildirilib ki, adi kriminal hadisəyə dair məhkəmədən əvvəl və
sonra klassik manipulyasiyaya əl atılması və məhkəmə prosesi
ətrafında teatral effektlərlə ajiotaj yaradılması, baş verənlərin
siyasi sifariş kontekstində idarə olunduğunu aydın nümayiş
etdirir.
“Fransanın bəzi media qurumlarının kriminal hadisəni qərəzli
formada siyasiləşdirməyə və Azərbaycan dövlətinin bəzi rəsmi
şəxslərinin adlarının hallandırılmasına yönəlmiş uğursuz cəhdləri
ölkəmizə qarşı aparılan sistemli qarayaxma kampaniyasının tərkib
hissəsidir.
Azərbaycana münasibətdə “qara piar” kampaniyası üzrə
ixtisaslaşmış və Fransada dövlət dairələrinə yaxınlığı ilə seçilən
“Revue21”, “TV5 Monde”, “Le Figaro”, “Le Monde” kimi media
subyektlərinin mövzuya xüsusi “həssaslıq” nümayiş etdirməsinin
arxasında ölkəmizin beynəlxalq nüfuzundan qorxuya düşən dairələrin
məkrli ambisiyalarının dayandığı şübhəsizdir.
Adıçəkilən media qurumları jurnalistikanın hamı tərəfindən qəbul
edilən beynəlxalq etik dəyərlərini bilərəkdən və kobudcasına
pozmaqla, sifarişli siyasi kampaniyanın aləti olduqlarını bir daha
təsdiqləmiş olurlar.
Cinayət fərdi məsuliyyət doğuran əməl olduğu halda, özünü
demokratik adlandıran bir dövlətin cinayətkarın hərəkətindən daha
çox onun milli mənsubiyyətini qabartması hüququn aliliyindən deyil,
stereotiplərin və ayrı-seçkiliyin təşviqindən xəbər verir.
Manipulyasiya edilmiş məlumatları əsas götürərək Fransanın bəzi
media qurumlarının Azərbaycana qarşı başladığı qarayaxma
kampaniyasını hədəfli propaqanda elementi kimi dəyərləndirir, media
peşəkarlığı prinsipləri ilə bir araya sığmayan bu kimi halları qəti
şəkildə pisləyirik”, – deyə açıqlamada qeyd olunub.

