
Bakı. Trend:
Almaniya NATO çərçivəsində Avropanın ən güclü konvensional
silahlı qüvvələrini formalaşdırmağı planlaşdırdığını açıqlayıb.
Bu barədə Fox News Almaniyanın ABŞ-dakı səfiri Yens Hanefeldin
bəyanatına istinadən xəbər verib.
Səfir qeyd edib ki, Almaniya Avropanın təhlükəsizliyinin təmin
olunmasında daha böyük rol oynamağa və daha çox məsuliyyət daşımağa
hazırdır. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı
müharibə qitədə təhlükəsizliklə bağlı yanaşmaların yenidən nəzərdən
keçirilməsinə səbəb olub.
“Almaniya üzərinə düşən öhdəlikləri artırır”, – deyə Yens
Hanefeld Fox News-a müsahibəsində bildirib. O vurğulayıb ki, NATO
daxilində Avropanın ən güclü konvensional ordusunun qurulması
Almaniyanın uzunmüddətli strateji məqsədlərindən biridir.
Məlumata əsasən, bu addım İkinci Dünya müharibəsindən sonra
hərbi sahədə daha ehtiyatlı siyasət yürüdən Almaniya üçün mühüm
dönüş nöqtəsi kimi qiymətləndirilir. Berlin uzun müddət ABŞ-ın
təhlükəsizlik təminatlarına arxalanıb və NATO-nun müdafiə xərcləri
üzrə müəyyən etdiyi hədəflərə tam əməl etmədiyinə görə Vaşinqtonun
tənqidləri ilə üzləşib.
Mütəxəssislərin fikrincə, Almaniyanın müdafiə sənayesini
gücləndirməsi və hərbi potensialını artırması NATO-nun gələcək
təhlükəsizlik strategiyasının formalaşmasında əhəmiyyətli rol
oynaya bilər.

