
Bakı. Trend:
Ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi
təxminən 1,7 milyard avro təşkil edib.
Trend-in
tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın
Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən mətbuat
brifinqində bildirib.
“Keçən il ticarət həcmi təxminən 1,7 milyard avro təşkil edib və
ikitərəfli ticarətimizin balanslı olması da bu ticarət
münasibətlərinin yetkinliyinin göstəricisidir. Çox vaxt əmtəə ixrac
edən ölkələrlə ticarət münasibətlərində ticarət balansı ixracatçı
ölkənin xeyrinə həddindən artıq qeyri-bərabər olur. Almaniya və
Azərbaycana gəldikdə isə, bu, çox balanslıdır”, – deyə səfir
bildirib.
Horlemann qeyd edib ki, Almaniyanın Azərbaycandan əsas idxalı
neftdir. Almaniyanın Azərbaycana əsas ixracatı maşınqayırma,
avadanlıq, elektronika və avtomobillərdir.
“Ticarət balansımızın bərabər və balanslı olması diqqətəlayiqdir
və bu, ticarətimizi inkişaf etdirmək üçün yeni imkanları araşdırmaq
üçün çox yaxşı başlanğıc nöqtəsidir”, – deyə diplomat bildirib.

