
Bakı. Trend:
Ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il
tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələri
elan edilib.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanının qapalı və
kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə
nəticələri mayın 20-də elan olunub. Hazırda isə xarici dil fənləri
üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan
balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən
tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal
toplaya bilərlər.
Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında
məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar)
vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək
mümkündür.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar
ixtisaslaşma seçiminə buraxılırlar.
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma
seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının
növbəti sayında dərc ediləcək).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM
tərəfindən 19 iyun 2026-cı il tarixindən etibarən telefon əlaqəsi
vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 17 iyun saat
10:00-dan 18 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün
müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə
müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda
müzakirə prosesi dayandırılır.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və
yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün
təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən
cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə
nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin
qaralanması və s.) baxılmayacaq.

