
Bakı. Trend:
Azərbaycanda frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında
qeydiyyata alınacaqlar.
Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bu, Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında
müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata
(uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti
olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan
sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə
edilməsi) göstərə, eləcə də Vergi Məcəlləsi ilə nəzərdə tutulan
əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə
biləcəklər.
Qeyd edək ki, frilanser dedikdə muzdlu işçi cəlb etmədən,
rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları,
kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə
əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş
yerinə yetirən, sənaye yaxud texnologiyalar parkının rezidenti olan
fiziki şəxs, rəqəmsal səyyah dedikdə isə rəqəmsal texnologiyalar,
süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya
sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları
vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən
əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs nəzərdə
tutulacaq.

