
Bakı.Trend:
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Freshdesk”
platformasından istifadə olunmaqla həyata keçirilən fişinq
kampaniyası ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.
Agentlikdən bildirilib ki, kibercinayətkarlar istifadəçilərin
etimadını qazanmaq üçün nəqliyyat, neft-qaz və beynəlxalq ticarət
sahəsində fəaliyyət göstərən qurumların adlarından, eləcə də ələ
keçirilmiş rəsmi elektron poçt hesablarından istifadə ediblər.
Məlumata görə, istifadəçilərə əsasən “Shared a File” və “New
secure message from” başlıqlı elektron məktublar göndərilib. Bu
məktublardakı keçidlər istifadəçiləri saxta internet səhifələrinə
yönləndirib.
Araşdırma zamanı müəyyən olunub ki, hücumçular istifadəçilərin
giriş məlumatlarını, şifrələrini və ikimərhələli təsdiqləmə
kodlarını ələ keçirmək üçün xüsusi texnologiyadan istifadə ediblər.
Nəticədə istifadəçi hesablarına icazəsiz giriş əldə etmək mümkün
olub.
MKA vətəndaşlara və təşkilatlara şübhəli elektron məktublardakı
keçidlərə daxil olmamağı, belə mesajların həqiqiliyini yoxlamağı və
şifrə və təsdiq kodlarını naməlum səhifələrə daxil etməməyi tövsiyə
edib.
Agentlik şübhəli hallarla qarşılaşan şəxslərin [email protected]
elektron poçt ünvanına və ya “1654” qaynar xəttinə müraciət edə
biləcəyini bildirib.

