Azərbaycan ACG ilə infrastruktur layihələrinə başlayıb – Mikayıl Cabbarov

Baş səhifə

Bakı. Trend

Azərbaycan Ərəb Koordinasiya Qrupunun (Arab Coordination Group,
ACG) dəstəyi ilə konkret infrastruktur layihələrinin icrasına artıq
başlayıb. Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq isə yeni
investisiyaların cəlb olunmasına töhfə verir.

Trend-in tədbirdən
olan müxbirinin məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat
naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun
illik toplantıları çərçivəsində keçirilən dialoq zamanı
bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın Ərəb Koordinasiya Qrupu ilə
aktiv əməkdaşlığının bərpası İİB rəhbərliyinin və birliyin digər
iştirakçılarının birgə işi sayəsində mümkün olub.

“Azərbaycanın Ərəb Koordinasiya Qrupu ilə münasibətlərinin
bərpası İİB prezidenti doktor Məhəmməd Əl-Casir, onun komandası,
eləcə də qrupun bütün digər üzvlərinin liderliyi olmadan mümkün
olmazdı”, — deyə Cabbarov bildirib.

O qeyd edib ki, əməkdaşlığın nəticələri gözləniləndən daha tez
ortaya çıxıb.

“Bu günlərdə artıq tam konkret sənədlər imzalanır və icra
olunur. Bununla tullantıların emalı obyektlərinin tikintisi, yol
infrastrukturunun inkişafı və digər istiqamətlərdə
maliyyələşdirilən layihələri nəzərdə tuturam”, — deyə nazir
vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi Ərəb Koordinasiya
Qrupunun fəaliyyətinin yüksək səmərəliliyini göstərir.

“Bu, Ərəb Koordinasiya Qrupunun layihələrin icra müddətləri
baxımından həqiqətən çox səmərəli və operativ işləyə bildiyini
göstərir. Hökumət də öz növbəsində bu tempə uyğunlaşmağa çalışır”,
— deyə o bildirib.




Cabbarov vurğulayıb ki, İslam İnkişaf Bankı sadəcə maliyyə
institutu olmaqdan daha geniş rol oynayır.

“İİB-nin rolu həqiqətən müəyyənedici olub. Özü də təkcə ayrıca
institut kimi deyil, bu icmanın iştirakçılarını birləşdirən ümumi
platforma kimi. Söhbət eyni institutların və qərar qəbul edən
şəxslərin qarşılıqlı fəaliyyət göstərdiyi vahid ekosistemdən
gedir”, — deyə nazir bildirib.

Onun sözlərinə görə, məhz belə əməkdaşlıq formatı iştirakçı
ölkələr üçün əlavə üstünlüklər yaradır.

“Belə qarşılıqlı fəaliyyət konkret layihələrin çərçivəsindən
çox-çox kənara çıxan çoxsaylı müsbət effektlər doğurur”, — deyə
Cabbarov qeyd edib.

Nazir ikitərəfli təşəbbüslərin həyata keçirilməsində çoxtərəfli
inkişaf banklarının iştirakının əhəmiyyətini də vurğulayıb.

“İstənilən ikitərəfli layihədə çoxtərəfli inkişaf bankının
iştirakı keyfiyyət, etibarlılıq və məsuliyyət üçün əlavə zəmanətə
çevrilir. Hesab edirəm ki, onun unikal dəyəri məhz bundadır”, —
deyə o bildirib.

Cabbarovun sözlərinə görə, bu cür praktik əməkdaşlıq
mexanizmləri belə beynəlxalq institutların yaradılmasının əsasını
təşkil edib.

“Yəqin ki, institutlarımızın təsisçiləri də məhz bu cür yeni
qarşılıqlı fəaliyyət formatlarını nəzərdə tuturdular, çünki onlar
praktik fəaliyyətdən doğur və real nəticələr verir”, — deyə nazir
yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir