Qəbul imtahanının nəticəsi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 24 may
2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan
edib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və
cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli
tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan
doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil
operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış
vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə
bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 56847
abituriyentdən (II qrup üzrə 28507 nəfər, III qrup üzrə 28340
nəfər) 2429 nəfər (II qrup üzrə 1663 nəfər, III qrup üzrə 766
nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən
abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan
xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal
toplayan Bakı şəhəri Sabunçu rayonu 169 saylı tam orta məktəbinin
məzunu Rüstəmli Banuçiçək Bəxtiyar qızı göstərib. O, imtahanın
birinci mərhələsində 291.9 bal toplayıb. Hər iki mərhələnin cəminə
görə 688.9 bal toplayan Rüstəmli Banuçiçək II ixtisas qrupu üzrə ən
yüksək nəticəni göstərən abituriyentdir.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal
toplayan 3 nəfər – Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına
Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin
qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu
Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta
məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı göstərib. Quliyeva
Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal,
Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə
285.2 bal toplayıb.

Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 688.7 bal
toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Tovuz rayonu
Düz qırıqlı kənd 1 saylı orta məktəbinin məzunu Musayeva Ayan Fuad
qızıdır. O, imtahanın birinci mərhələsində 291.7, ikinci
mərhələsində isə 397 bal toplayıb.




Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II
mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki
mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də
Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya
Komissiyasına müraciət etmək istəyənlər 18 iyun saat 10:00-dan 20
iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya
Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında
müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı
müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab
edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd
olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət
araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla
aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan
bütün işlər araşdırılır;

Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert
rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon
nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms”
göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında
ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və
ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş
cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi
nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda
iki dairənin qaralanması və s.) bağlı müraciətlərə
baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl
abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı
səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir
açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola
bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün
ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab
verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə
şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə
baxılmayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir