
Bakı. Trend:
Britaniya məhkəməsi keçmiş sərhədçi Peter Vayı Çinə işləməkdə
günahlandıraraq on il həbs cəzasına məhkum edib.
Xarici media yazır ki, onun Çin kəşfiyyat xidmətlərindəki
rəhbəri, Londondakı Honkonq İqtisadi və Ticarət Ofisinin əməkdaşı
Bill Yuen də səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Mayın 7-də məhkəmə Yuenin Vayı Böyük Britaniyada yaşayan çinli
dissidentlər haqqında məlumat əldə etməyi tapşırdığını müəyyən
edib. Bunun üçün Peter Vay Daxili İşlər Nazirliyinin kompüter
sisteminə giriş imkanından istifadə edib. Vay və Yuen Milli
Təhlükəsizlik Qanununu pozmaqda təqsirləndiriliblər. Onların hər
ikisi ikili Britaniya və Honkonq vətəndaşlığına malikdirlər.
Mətbuat yazır ki, Peter Vay 2017-ci ildə Çin kəşfiyyat
xidmətlərində işləməyə başlayıb. Onun vəzifəsi Böyük Britaniyaya
köçmüş və ya müvəqqəti olaraq orada yaşayan Honkonqlu
dissidentlərin fəaliyyətinin monitorinqi olub. 2021-ci ildə o, bu
işi görmək üçün Böyük Britaniya Sərhəd Qüvvələrinə qoşulub və
Hitrou hava limanında işləyib. Müstəntiqlərin sözlərinə görə, o,
həmçinin bir neçə tanınmış Britaniya siyasətçisi haqqında məlumat
toplayıb. Bir vaxtlar o, keçmiş dəniz piyadası Metyu Triketti də
onun təlimatı ilə dissidentlər üzərində müşahidə aparan şəxs kimi
işə götürüb. Trikett polis tərəfindən fəaliyyətinin
aşkarlanmasından qısa müddət sonra ölü tapılıb.

