
Bakıda Dünya Real Aikido Federasiyasının rəhbərliyinin iştirakı ilə növbəti beynəlxalq seminar təşkil olunub.
Metbuat.az xəbər verir ki, seminar Real Aikido və Ju Jitsu Döyüş Sənətləri Akademiyasının prezidenti, 5-ci Dan qara kəmər sahibi Ramin Eminli və Vraçareviç Akademiyasının prezidenti Azər Cəbrayılovun rəhbərliyi ilə keçirilib.
Tədbirdə Dünya Real Aikido Federasiyasının prezidenti, 7-ci Dan qara kəmər sahibi Sanja Vraçareviç və federasiyanın baş məşqçisi, 5-ci Dan qara kəmər sahibi Duşan Metroviç iştirak ediblər.
Seminara Azərbaycanın müxtəlif bölgələrindən 150-yə yaxın idmançı qatılıb. Tədbir çərçivəsində iştirakçılar Kyu və Dan dərəcələri üzrə imtahan veriblər. İmtahanlar 5-ci Kyu (sarı kəmər) səviyyəsindən 2-ci Dan qara kəmərədək olan mərhələləri əhatə edib.
Təşkilatçıların sözlərinə görə, iştirakçılar seminara yüksək səviyyədə hazırlaşıblar. Müxtəlif yaş qruplarını təmsil edən idmançılar imtahanlardan uğurla keçərək növbəti kəmər dərəcələrini əldə ediblər. İmtahan verən ən gənc iştirakçının 5 yaşı olub.
Qeyd olunub ki, son illər Real Aikidoya maraq artmaqdadır. Xüsusilə qızların və qadınların bu idman növünə marağında artım müşahidə edilir. Bu isə özünümüdafiə bacarıqlarının inkişafı baxımından müsbət qiymətləndirilir. Bildirilib ki, əsas məqsəd sağlam və vətənpərvər gənclərin yetişdirilməsi, Azərbaycan bayrağının beynəlxalq arenalarda daha da yüksəklərə qaldırılmasıdır.
Akademiyanın prezidenti Ramin Eminli qeyd edib ki, Azərbaycanda idmanın inkişafı üçün yaradılan şərait gənclərin sağlam ruhda formalaşmasına mühüm töhfə verir:
“Cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımızın inkişafı üçün geniş imkanlar yaradılıb. Biz də üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə, sağlam gənclərin yetişməsi və Azərbaycan bayrağının dünya arenalarında yüksəklərdə dalğalanması üçün əlimizdən gələni etməyə çalışırıq. Hər zaman birlik və həmrəylik nümayiş etdirməli, dəmir yumruq kimi bir olmalıyıq”.
Gülçin Aslanlı

