Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də
İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen
Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.

Dövlətimizin başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin
dostluq və qardaşlıq üzərində qurulduğunu deyərək, ölkələrimizin
hər zaman bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini
vurğuladı, siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr
və digər sahələrdə gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə
əminliyini bildirdi.

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament
İttifaqı Konfransının Bakıda keçiriləcək 20-ci Sessiyasında Mazen
Torki Saud Əl-Qadinin iştirak etməsinin əhəmiyyətinə toxunan
Prezident İlham Əliyev onun bu səfərinin ikitərəfli
münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğuladı, eyni
zamanda, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın
perspektivlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını
dedi.

Mazen Torki Saud Əl-Qadi İordaniyanın Kralı II Abdullah ibn Al
Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi,
onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Kral II Abdullah ibn Al Hüseyni ölkəmizə
səfərə dəvət etdi.

Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına
minnətdarlığını bildirən qonaq bunu Azərbaycanla İordaniya arasında
mövcud dostluq və qardaşlıq münasibətlərinin göstəricisi kimi
dəyərləndirdi.

O, Azərbaycan Prezidentinin və İordaniya Kralının siyasi iradəsi
nəticəsində ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf
etməsini məmnunluqla vurğuladı.

Qonaq Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti
nəticəsində bu gün Azərbaycanın gözəl və təhlükəsiz ölkəyə
çevrildiyini dedi. O, həmçinin vurğuladı ki, Azərbaycanda mövcud
olan sıx xalq-iqtidar birliyi dövlətimizin başçısının həyata
keçirdiyi siyasət sayəsində ölkədə ictimai ədalətin təmin
edilməsindən xəbər verir.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində
əməkdaşlığa, həmçinin ərəb və İslam dünyasını narahat edən
məsələlərə həmişə böyük diqqətlə yanaşdığını, islam həmrəyliyini
daim dəstəklədiyini vurğulayan Mazen Torki Saud Əl-Qadi ölkəmizin
Fələstin məsələsində tutduğu birmənalı və ədalətli mövqeyin yüksək
qiymətləndirildiyini dedi.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi
münasibətilə bir daha təbriklərini çatdıran qonaq Prezident İlham
Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı
bərpa və quruculuq işlərinin aparıldığını vurğuladı.

Mazen Torki Saud Əl-Qadi, həmçinin Bakı şəhərinin gözəlliyinin
və təmizliyinin onda zəngin təəssürat yaratdığını qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı
öz növbəsində Kral II Abdullah ibn Al Hüseynin rəhbərliyi ilə
İordaniyanın da uğurla inkişaf etdiyini dedi.

Azərbaycanın İslam həmrəyliyinə daim dəstək nümayiş etdirdiyini
vurğulayan Prezident İlham Əliyev Fələstin məsələsində ölkəmizin
Əl-Qüds Əl-Şərif paytaxt olmaqla iki dövlət həll yolunu daim
dəstəklədiyini qeyd etdi.

Görüşdə əlaqələrimizin perspektivləri, gələcək təmaslar və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir