Azərbaycandan ABŞ-yə məhsul ixracı 38%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanla Amerika Birləşmiş
Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 384,531
milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 166,2 milyon ABŞ dolları və ya 30,2% azdır.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 1,85%-i həcmində olub.

Bu ilin yanvar-may aylarında Azərbaycandan ABŞ-yə 43 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 11,8 milyon ABŞ dolları və ya təqribən 37,9% çoxdur.

Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 341,5
milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki,
bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 178 milyon ABŞ dolları
və ya 34,3% azalma deməkdir.

Ümumilikdə isə, bu ilin yanvar-may aylarında Azərbaycan xarici
ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 178 milyon
dollar və ya 0,8% azdır.

Dövr ərzində ölkənin xarici ticarət dövriyyəsinin 13 milyard 970
milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə
idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 2,969 milyard
dollar və ya 27% artıb, idxal isə 3,147 milyard dollar və yaxud
31,6% azalıb.

Nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət
saldo yaranıb ki, bu da illik müqayisədə 6,116 milyard dollar və ya
6,9 dəfə çoxdur.

Ümumilikdə Azərbaycanla ABŞ iqtisadi əlaqələri müsbət
istiqamətdə inkişaf etməkdədir. Buna misal olaraq qarşılıqlı
görüşlərin təşkili və müvafiq sazişlərin imzalanmasını qeyd edə
bilərik. Belə ki, Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət
Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası
Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji
Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq Azərbaycan-ABŞ İqtisadi
Dialoqunun ilk iclası keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin
iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun
həmsədrliyi ilə keçirilən tədbirdə hər iki ölkənin dövlət
qurumları, beynəlxalq maliyyə institutları və özəl sektorun
nümayəndələri iştirak ediblər.

Azərbaycan-ABŞ münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini
vurğulayan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “Strateji
Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın
möhkəmləndirilməsində mühüm rol oynayır. Beynəlxalq Sülh və Rifah
üçün Tramp Marşrutu (TRIPP) və Orta Dəhliz vasitəsilə ticarət
əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin
gücləndirilməsi, kritik minerallar üzrə təchizat zəncirlərinin
inkişafı, eləcə də nəqliyyat, logistika və rəqəmsal infrastruktur
sahələrində yeni investisiya imkanlarının araşdırılması üçün
əhəmiyyətli perspektivlər mövcuddur. Birgə layihələrin
müəyyənləşdirilməsi, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi
və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi üzrə
konstruktiv dialoq ikitərəfli əməkdaşlığa töhfə verəcək”.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında
biznes, ticarət və iqtisadi investisiyalar sahəsində ikitərəfli
imkanların genişləndirilməsinə sadiq olduqlarını vurğulayan ABŞ
Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə
köməkçisi Keyleb Orr bildirib: “Bu istiqamət ABŞ-nin
Vitse-Prezidenti Cey Di Vens və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən bu ilin fevral ayında Bakıda
imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas prioritetlərindən
biridir. Dialoq çərçivəsində müzakirə olunacaq layihə və
təşəbbüslərin nəticələri, eləcə də ikitərəfli iqtisadi
münasibətlərin daha da gücləndirilməsi üçün mövcud imkanlar
Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın inkişafına təkan
verəcək”.




Birinci İqtisadi Dialoq çərçivəsində regional bağlantılar,
ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni
intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunmuş panel
sessiyalar keçirilib. İlk sessiyada Beynəlxalq Sülh və Rifah üçün
Tramp Marşrutu (TRIPP), Orta Dəhliz, regional logistika
imkanlarının genişləndirilməsi, Azərbaycanın investorlar üçün
əlverişli biznes mühiti, eləcə də ölkənin Avropa və Mərkəzi Asiya
ilə artan əlaqələrinin ABŞ şirkətləri üçün yaratdığı yeni imkanlar
müzakirə olunub.

Enerji təhlükəsizliyi üzrə sessiyada Cənub Qaz Dəhlizinin
inkişafı, elektrik bağlantıları və enerji istehsalının artırılması
istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təchizat
zəncirlərinin diversifikasiyası, kritik mineral təchizat
zəncirlərinin şaxələndirilməsi və digər sahələrdə tərəfdaşlıq
məsələləri müzakirə olunub.

İqtisadi investisiyalar üzrə paneldə hər iki xalqın qarşılıqlı
rifahına xidmət edən iqtisadi layihələrin, o cümlədən nəqliyyat və
logistika, enerji və rəqəmsal texnologiyalara ikitərəfli
investisiyaların təşviqi məsələləri müzakirə olunub. Həmçinin,
investorlar üçün təşviq mexanizmlər, üstünlüklər və əlverişli
hüquqi rejim təklif edən Ələt Azad İqtisadi Zonası daxil olmaqla
müxtəlif istiqamətlərdə ABŞ investisiyalarının təşviqi imkanları
diqqət mərkəzində olub.

Süni intellekt və rəqəmsal infrastruktur üzrə müzakirələrdə
ABŞ-nin yüksək texonolji həlləri barədə məlumat verilib. Data
mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində
əməkdaşlıq, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək
tərəfdaşlıq nəzərdən keçirilib. İclas çərçivəsində tərəflər
iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı
investisiyaların təşviqi və innovativ layihələrin dəstəklənməsinin
əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində həmçinin biznes dairələri ilə görüş
keçirilib, özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni
tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olunub.

Tədbirin sonunda bu il Bakının ABŞ-nin II Dünya Süni İntellekt
Həftəsinə ev sahibliyi edəcəyi elan olunub. İqtisadiyyat naziri
Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes
məsələləri üzrə köməkçisi Keyleb Orrun iştirakı ilə Azərbaycanda
rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və
səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlər və
Dialoqun Protokolu imzalanıb.

ABŞ ilə iqtisadi əməkdaşlığın genişlənməsi fonunda yeni
investisiya və texnologiya istiqamətləri də formalaşır.

ABŞ Ticarət Departamentinin Beynəlxalq Ticarət Administrasiyası
(ITA) Trend-in sorğusuna cavab olaraq bildirib ki, Vaşinqton
Azərbaycanla kritik minerallar, rəqəmsal transformasiya, logistika
və multimodal bağlantı sahələrində əməkdaşlığın genişləndirilməsi
üçün mühüm potensial görür.

“Birləşmiş Ştatlar Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən
edilmiş istiqamətlər üzrə Azərbaycanla kommersiya əməkdaşlığının
əhəmiyyətli dərəcədə genişləndirilməsi üçün böyük imkanlar görür.
Xüsusilə bulud infrastrukturu, kibertəhlükəsizlik, elektron hökumət
həlləri, eləcə də multimodal logistika və Trans-Xəzər Beynəlxalq
Nəqliyyat Marşrutunun inkişafı əməkdaşlığın əsas perspektivli
istiqamətləridir”, – deyə ITA Trend-in sorğusuna cavabında
bildirib.

Qurum qeyd edib ki, Ələt Azad İqtisadi Zonasında qabaqcıl
istehsalın inkişafı, kritik mineralların emalı və yüksək
texnologiyalar sahəsində də ABŞ şirkətləri üçün əhəmiyyətli
imkanlar mövcuddur.

ITA-nın qiymətləndirməsinə görə, iyunun əvvəlində Bakı Enerji
Həftəsi çərçivəsində keçirilən ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqu
Strateji Tərəfdaşlıq Xartiyasının praktik icrasında mühüm mərhələ
olub.

“Bu dialoq yüksək səviyyədə nümayiş etdirilən siyasi iradənin
konkret ticarət və investisiya nəticələrinə çevrilməsinə xidmət
edir. Azərbaycan enerji mərkəzi, nəqliyyat-logistika qovşağı və
getdikcə daha çox texnologiya investisiyaları üçün cəlbedici
istiqamət kimi ABŞ şirkətləri üçün strateji əhəmiyyət daşıyır”, –
deyə ITA Trend-ə bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir