
Bakı. Trend:
2019-cu ildən indiyədəm 29 mindən çox müştəriyə “Miles&Smiles” kartları təqdim olunub.
Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu “PAŞA Bank”ın İdarə
Heyəti sədrinin müavini Bəhruz Nağıyev təmsilçisi olduğu bank və
Türk Hava Yolları arasında “Miles&Smiles” məhsulu üzrə
Memorandumun imzalanması mərasimində deyib.
O bildirib ki, “Miles&Smiles” məhsulu 2019-cu ildən etibarən
Azərbaycan bazarında fəaliyyət göstərir və tərəflər artıq yeddi
ildir uğurlu əməkdaşlıq edirlər.
“2019-cu ildən bu məhsulun həm istifadəçisi, həm də ona inanan
şəxslərdən biri olmuşam. Bu gün də məhsulun əldə etdiyi nəticələrə
görə məsuliyyət daşıyan şəxs kimi onun uğurlarının şahidiyəm. Hesab
edirəm ki, bu məhsulun təkcə Azərbaycan bazarında deyil, bir çox
bazarlarda böyük inkişaf potensialı var”, – deyə Bəhruz Nağıyev
qeyd edib.
Onun sözlərinə görə, ötən yeddi il ərzində 29 mindən çox müştəriyə
kart təqdim olunub, 200-ə yaxın tərəfdaş şəbəkə layihəyə qoşulub və
bunun nəticəsində 700-ə yaxın brend kart istifadəçiləri üçün
əlçatan olub.
“Bu göstəricilər bizim üçün mühüm nəticədir. Eyni zamanda əminəm
ki, qarşıdakı dövrdə bu rəqəmləri daha da artıracağıq. Komandamızla
birlikdə bu istiqamətdə davamlı çalışırıq”, – deyə o
vurğulayıb.
Bəhruz Nağıyev bildirib ki, layihə çərçivəsində müştərilər
topladıqları millər hesabına indiyədək 84 mindən çox aviabilet əldə
ediblər.
“Bu kart heç vaxt mənim üçün adi kart məhsulu olmayıb. Mən ona
sadəcə bilet qazanmaq vasitəsi kimi baxmıram. Düşünürəm ki, səyahət
etmək, müxtəlif ölkələri, mədəniyyətləri və insanları tanımaq şəxsi
inkişaf üçün olduqca vacibdir. Bu səbəbdən biz əslində müştərilərə
sadəcə mil deyil, xəyallarını reallaşdırmaq imkanı təqdim edirik”,
– deyə o qeyd edib.
Nağıyev əlavə edib ki, qarşıdakı üç il ərzində tərəflər arasında
imzalanan yeni memorandum çərçivəsində daha böyük nəticələr əldə
etmək məqsədi qoyulub.
“İnanıram ki, 29 minlik kart bazasını asanlıqla 50 minə çatdıra
bilərik. Daha çox mil təqdim edə və tərəfdaş şəbəkəmizi
genişləndirə bilərik. Hazırda əsas hədəfimiz müştərilərin gündəlik
istifadə etdikləri xidmət və ticarət məkanlarını tərəfdaş
şəbəkəmizə cəlb etməkdir ki, ‘Miles&Smiles’ kartı onlar üçün ən
məntiqli seçim olsun”, – deyə o bildirib.
Sonda Bəhruz Nağıyev Türk Hava Yolları və “PAŞA Bank”
komandalarına təşəkkür edib, yeni memorandumun tərəfdaşlığın daha
da güclənməsinə və müştərilər üçün yeni imkanların yaradılmasına
töhfə verəcəyinə əminliyini ifadə edib.

