
Bakı. Trend:
Almaniyanın avtomobil istehsalçısı “Porsche AG” daha geniş
biznes optimallaşdırma planının bir hissəsi olaraq iş yerlərinin
ixtisarını müzakirə edir.
Almaniya mediası yazır ki, “Porsche” şirkətinin baş direktoru
Maykl Leyters bildirib ki, “Porsche” rəhbərliyi işçilərin sayının
tənzimlənməsi ilə yanaşı, istehsal sahələrinin rəqabət
qabiliyyətini təmin etməyə yönəlmiş digər təşəbbüsləri də nəzərdən
keçirməklə bağlı işçi nümayəndələri ilə danışıqlar aparır.
O, “Porsche” şirkətinin səhmdarlarının illik yığıncağında
bildirib ki, danışıqlar tam sürətlə davam edir və ixtisarlar barədə
əlavə məlumat hazırda verilə bilməz.
Leyters daha əvvəl elektrikli nəqliyyat vasitələrinin tətbiqinin
yavaş tempinə, Çin bazarının zəifliyinə və ABŞ tariflərinə cavab
olaraq avtomobil istehsalçısının əməliyyatlarını sadələşdirmək və
mənfəətini artırmaq üçün strategiyasını yenidən nəzərdən keçirmək
planını açıqlamışdı.
Şirkət artıq bəzi aktivlərini satmağa başlayıb, o cümlədən “Bugatti” lüks idman avtomobili brendinə sahib olan Buqatti Rimak
birgə müəssisəsindəki payını satıb. May ayında “Porsche” batareya
biznesi də daxil olmaqla, bir neçə əsas olmayan biznesin
bağlandığını elan edib.
Leyters şirkətin əsas biznes sahələrinə diqqət yetirdiyini,
əməliyyatlarını bazar şərtlərinə struktur olaraq uyğunlaşdırdığını
və onları hərtərəfli optimallaşdırdığını bildirib.

