
Bakı. Trend:
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə
Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Baku TV”
televiziya kanalına birgə müsahibəsində bildirib.
DİM sədrinin sözlərinə görə, mərkəzləşdirilmiş qiymətləndirmə
eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni
suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox
müqayisəli xarakter daşıyır:
“Şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb
qiymətləndirmələri mövcuddur. Lakin ali məktəblərə qəbul zamanı
əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir.
Siz bilirsiniz ki, buraxılış imtahanlarının nəticələri qəbul
imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi
nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə
eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni
suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox
müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən
yaxşı nəticə göstərən şagirdə yüksək qiymət verə bilər və bu,
normal bir yanaşmadır. Lakin məktəb qiymətləri ilə imtahan
nəticələri arasında çox zaman tam uyğunluq olmur. Buna baxmayaraq,
biz hər il bu müqayisəli cədvəlləri dərc edirik. Məsələn, məktəbdə
“5” alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı
nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki,
məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənnlərdən get-gedə
düzgün aparılır”.

