
Bakı. Trend:
Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin
qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.
Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki
və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi,
geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər və
ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb.
İllik inflyasiya hədəf daxilindədir və baza ssenari üzrə proqnoz
trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin mayında 12 aylıq
inflyasiya 5.6% təşkil edib. İllik qiymət artımı qida məhsulları,
alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, ödənişli
xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.9% olub.
İllik baza inflyasiya 5.6% təşkil edib.
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi
üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü
göstərib. 2026-cı ilin 5 ayında mübadilə şöbələri tərəfindən nağd
xarici valyutanın alışı satışını 311 mln. ABŞ dolları üstələyib.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son
12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27%-ə enib.
Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən
ilin müvafiq dövrünə nəzərən 28.8% artaraq 560.1 mln. ABŞ dolları
təşkil edib.
Valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması
şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata
keçirilib. Cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları
1.2 mlrd. ABŞ dolları məbləğində və ya 10.4% artaraq 12.7 mlrd. ABŞ
dollarına çatıb.
Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük
statistikasına əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkənin
xarici ticarətində 7.2 mlrd. ABŞ dolları məbləğində müsbət saldo
qeydə alınıb. Mərkəzi Bankın 2026-cı ilin sonuna cari əməliyyatlar
hesabının profisitinə dair proqnozunun daha da yaxşılaşması
gözlənilir. Bu, son aylarda qlobal enerji qiymətlərinin yüksəlməsi,
eləcə də qeyri-neft-qaz ixracı üzrə müsbət meyillərin davam etməsi
ilə bağlıdır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və
bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq
olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi
Bankın faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə
formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici
2026-cı ilin martın sonundan başlayaraq 6.43-6.44% intervalında
olub. İzafi likvidlik şəraitində Mərkəzi Bank tərəfindən AZIR-i
uçot dərəcəsinə yaxın səviyyədə idarə etmək üçün əsasən 7 günlük
depozit əməliyyatlarından istifadə edilir. May ayının sonuna açıq
bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 7
günlük depozit əməliyyatlarının payı 88.7% təşkil edib. Bununla
yanaşı, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə müntəzəm
hərraclar da keçirilir. May və iyun aylarında bütün müddətlər üzrə
notların gəlirliliyi azalma meyilli olub. İlin qalan dövründə bank
sektorunda izafi likvidliyin daha da artması gözlənilir.
Cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində qalacağı
proqnozu dəyişməz qalır. Bununla belə, inflyasiyanın xarici mənşəli
xərc amillərində aktivləşmə müşahidə edilir.
Ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən
dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını
artırır. Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə
qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi,
ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi
və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması
inflyasiyanın xarici risk amillərini artıra bilər. Bu amillərin
dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili
mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin
izafi genişlənməsi ehtimalı yüksək deyil.
Cari ilin qalan dövründə də faiz dəhlizinə dair növbəti qərarlar
inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası
nəzərə alınmaqla veriləcəkdir. Qlobal mühitdəki
qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir
neçə ssenaridə proqnozları nəzərdən keçiriləcəkdir. Faiz dəhlizinin
parametrləri ilə bağlı qərarlar verilərkən bank sektorunda
likvidliyin dinamikası, onun birbaşa və dolayı təsirləri də nəzərə
alınacaqdır.
2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə
açıqlanması qrafikinə dəyişiklik edilib. Belə ki, faiz dəhlizinin
parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və
bununla bağlı mətbuat konfransının keçirilmə tarixi 2026-cı il
avqust ayının 5-dən iyul ayının 31-nə dəyişdirilib. Ekspertlərlə
görüşün də həmin gündə təşkil olunması nəzərdə tutulub.
Xəbər yenilənəcək

