
Bakı. Trend:
Ermənistanda keçirilən son parlament seçkilərində baş verən
total qanun pozuntularından, siyasi hakimiyyətin rəqiblərinə qarşı
repressiyaları gücləndirməsindən sonra Azərbaycana qarşı təxribat
məzhəkələrinin daimi iştirakçılarından olan Frank Şvabenin
Azərbaycanın əraz bütövlüyünün və suverenliyinin bərpa edilməsi
faktı ilə heç cür barışa bilməyən AŞPA-nın kürsüsündən yenidən
qərəz püskürməsi, şübhəsiz ki təsadüfi deyil. Əks halda, AŞPA-nın
siyasi gündəmini Ermənistanda keçirilən seçkilər zamanı baş verən
total pozuntular, siyasi azadlıqların məhdudlaşdırılması
istiqamətində həyata keçirilən repressiv təqib və təzyiqlər zəbt
etməliydi. Lakin bu barədə məlum olduğu kimi bircə kəlmə də
danışılmadı və AŞPA-nın anti-Azərbaycan “koalisiyası”nın
başbilənləri diqqəti Ermənistanda insan hüquq və azadlıqlarının
bütün fundamental prinsiplərinin pozulması ilə bağlı real
faktlardan yayındırmaq üçün əsassız, təsdiqini tapmamış, dedi-qodu
və şaiyələrə əsaslanan ucuz iddialarla ölkəmizi hədəfə almağı çıxış
yolu seçdilər. Ermənistanda seçkilər zamanı 760 müxalifət
nümayəndəsinin saxlanılması, onların 210 nəfərinə qarşı ən müxtəlif
ittihamlarla cinayət işinin açılması, seçkidən öncə və seçki
dövründə müxalifəti təmsil edən 8 deputatlığa namizədin həbs
olunması və bu prosesin az qala hər gün davam etməsi, nədənsə
Avropa Şurası Parlament Assambleyasını və AŞPA-nın kölgə
idarəçilərinin “sözçü”sü Frank Şvabeni əsla narahat etmir.
Ermənistanda, az qala bütün müxalifət liderlərinə qarşı cinayət
işinin açılması, bəzilərinin isə ev dustağı edilməsi, ölkədən
çıxışlarına qadağa qoyulması da həmçinin… yadlarına belə
düşmür.
Amma Azərbaycanda uzun illərdən bəri ən müxtəlif xarici
qrupların, o cümlədən dövlətimizin konstitusion quruluşuna qənim
kəsilənlərin nüfuz müvəkkili missiyasını yerinə yetirən, 30 ilə
yaxın bir zaman kəsiyində ölkənin siyasi münasibətlər sistemində
bölücülük missiyasını icra edən, təpədən-dırnağa ifşa olunmuş Əli
Kərimli ətrafında növbəti dəfə şou yaratmağa cəhd göstərməyi əsla
unutmurlar.
Şübhəsiz ki, bütün bunlar son vaxtlar bəzi Avropa
təsisatlarının, o cümlədən AŞPA-nın Azərbaycana qarşı həyata
keçirdiyi intensiv böhtan, qarayaxma və qərəz kampaniyalarının
davamıdır və sistemli xarakter daşıdığı əsla şübhə doğurmur.
Məqsəd, daha öncə də qeyd etdiyim kimi, diqqətin Ermənistanda baş
verən kobud hüquq pozuntularından yayındırmaq, həmçinin regiona,
bölgənin əsas güc mərkəzi olan Azərbaycana qarşı təzyiq
tutarğacları yaratmaqla, bölgədəki reallıqların dəyişdirilməsinə
cəhd göstərməkdən ibarətdir. Bunu bacarmadıqları üçün isə daha çox
qəzəblənir, siyasi isterikanın dibinə yuvarlanırlar.
Ən böyük paradoks ondan ibarətdir ki, bu gün növbəti “insan
haqları” nağılını uyduran Frank Şvabe Azərbaycan torpaqlarının 30
ilə yaxın işğal altında saxlanılması, bir milyondan artıq
azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, şəhər
və kəndlərin yerlə-yeksan edilməsi, məscidlərin təhqir olunması,
qəbiristanlıqların dağıdılması barədə faktiki olaraq heç vaxt mövqe
etdirməyib, əksinə təcavüzkarların, müharibə canilərinin yanında
yer alıb.
Otuz il ərzində Ermənistan tərəfindən həyata keçirilən etnik
təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarından qovulmuş
azərbaycanlıların qayıdış hüququ barədə bir dəfə də olsun
danışmayan şəxsin bu gün “insan hüquqları” barədə mühazirə oxumağa
çalışması isə, ən yaxşı halda siyasi riyakarlıq hesab oluna
bilər.
Frank Şvabe uzun illərdir erməni siyasi dairələrinin və diaspor
təşkilatlarının mövqelərinə uyğun bəyanatlarla çıxış edir. Almaniya
Bundestaqında qondarma “erməni soyqırımı” iddialarının
təşviqçilərindən biri kimi tanınan bu şəxsin Azərbaycana
münasibətdə obyektiv olacağını gözləmək isə, şübhəsiz ki,
sadəlövhlük olardı.
O, artıq çoxdan Avropa Şurası Parlament Assambleyasında
anti-Azərbaycan fəaliyyətinin simvollarından birinə çevrilib.
Frank Şvabe ilə bağlı diqqət çəkən məqamlardan biri isə onun
uzun müddət Rusiya nümayəndə heyətinin AŞPA-ya qaytarılmasının
tərəfdarlarından biri olmasıdır. O, bunun üçün hətta Moskvaya bir
neçə dəfə səfər edib və bu istiqamətdə fəal təşəbbüslər
göstərib.
Maraqlıdır, Krımın ilhaqından sonra belə, Rusiyaya münasibətdə
kompromis və dialoq tərəfdarı kimi çıxış edən şəxs niyə bəs
Azərbaycana münasibətdə maksimum sərtlik və aqressiya nümayiş
etdirir? Zənnimcə, bu qəbildən olan davranışlara dəyişən korporativ
və siyasi qrup maraqları kontekstindən yanaşmaq daha doğru olar.
Şvabenin təmsil etdiyi Sosial Demokrat Partiyasının liderlərindən
olan Gerhard Şröderin vəzifəsindən ayrıldıqdan sonra “Şimal axını”
və “Şimal axını-2” şirkətlərinin səhmdarlar komitələrinə rəhbərlik
etməsi, həmçinin Rosneft şirkətinin direktorlar şurasında təmsil
olunması, zənnimcə alman sosial-demokratlarının, o cümlədən
Şröderin, 2000-ci illərdən başlayaraq, hansısa səbəblərdən keçmişi
unutdurmaq üçün aşırı canfəşanlıq etdiklərinin səbəblərini
müəyyənləşdirmək mümkündür. Qeyd edim ki, Şvabenin partiyadaşı və
onunla yaxın münasibətlərdə olan Almaniyanın Meklenburq–Ön
Pomeraniya əyalətinin baş naziri Manuela Şveziqin “Şimal Axını–2”
qaz kəməri layihəsinin tamamlanmasının ən fəal tərəfdarları
sırasında yer alması da qatı anti-Azərbaycançının Avropanın enerji
təhlükəsizliyində mühüm rol oynayan və istisadi münasibətlərdən
siyasi məqsədlər üçün yararlanmayan, bu səbəbdən də yüksək etimad
qazanmış ölkəmizə qarşı nədən bu qədər aqressiv olduğunu müəyyən
etmək üçün ciddi əsaslar yaradır. Görünür bir müddət siyasi
“şvabra” (döşəmə silgəri) funksiyasını yerinə yetirən Şvabe və
idarəçiləri gerçəkləşdiməyə çalışdıqları “mürəkkəb” siyasi
gedişlərlə keçmişlərinin qaranlıq izlərini silməyə çalışırlar.
Şübhəsiz ki, keçmişin cinayətləri zamanın dərinliyində gizlənə
bilər, lakin onların izi heç vaxt itmir. Çünki tarix unudanların
deyil, xatırlayanların və xatırlatmağı bacaranların
tərəfindədir.
Elçin Mirzəbəyli
Milli Məclisin deputatı, Əməkdar jurnalist

