
Bakı. Trend:
Böyük Britaniya müdafiə büdcəsini təxminən 20 milyard dollara
çatdırmağı planlaşdırır.
“Financial Times” (FT) qəzetinin yaydığı məlumata görə, Böyük
Britaniyanın Baş naziri Kir Starmer növbəti üç il ərzində müdafiə
xərclərini 14,5 milyard funt sterlinqdən 15 milyard funt sterlinqə
(19,2 milyard dollardan 19,8 milyard dollara) yüksəltməyi nəzərdə
tutur.
Bildirilir ki, bununla bağlı rəsmi açıqlamanın iyunun 30-da
verilməsi gözlənilir. Britaniya KİV-lərinin məlumatına əsasən,
Starmer bu məqsədlə əlavə olaraq 13,5 milyard funt sterlinqdən çox
olmayan vəsait ayırmağa hazırdır. Bununla belə, iyunun ortalarında
istefa verən ölkənin müdafiə naziri Con Hili bu maliyyələşdirmə
səviyyəsini kifayət hesab etməyib.
Məqalədə qeyd olunur ki, yeni müdafiə strategiyası çərçivəsində
ön xətt bölmələrinin təminatı, yaralıların döyüş meydanından
təxliyəsi üçün pilotsuz yerüstü platformalar da daxil olmaqla,
dronlara və digər müasir hərbi sistemlərə investisiyaların
artırılması planlaşdırılır.
“Financial Times” Starmerin müdafiə xərclərini artırmaq
təşəbbüsünü onun baş nazir kimi siyasi irsini möhkəmləndirmək cəhdi
kimi qiymətləndirib. Nəşr xatırladıb ki, siyasətçi iyunun 22-də
istefa vermək niyyətində olduğunu açıqlayıb.

