
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) açıq bankçılığın inkişafının
növbəti mərhələsinə başlayaraq layihəni “Open Finance” (“Açıq
maliyyə”) istiqamətində genişləndirəcək.
Trend-in
tədbirdəki müxbirinin verdiyi məlumata görə, bunu Bakıda keçirilən “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” tədbirində AMB-nin Ödəniş
sistemləri və məhsullarının inkişafı departamenti direktorunun
müavini Ramil Mahmudov deyib.
Onun sözlərinə görə, AMB-nin fintex sektoru üçün ən mühüm
layihələrindən biri açıq bankçılığın inkişafıdır.
“Biz bir strateji mərhələni başa vurmuşuq və artıq növbəti
mərhələ üzərində işləyirik. Layihənin “Open Finance” (“Açıq
maliyyə”) istiqamətində genişləndirilməsi üzrə işlərə başlanılacaq.
Ötən dövrdə Mərkəzi Bank ödəniş sistemləri infrastrukturunun
modernləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib.
Proqram-texniki infrastrukturun təkmilləşdirilməsi, dayanıqlığının
artırılması və sistemlərin ötürmə qabiliyyətinin yüksəldilməsi üzrə
işlər görülüb.
Əməliyyatların həcminin artması bir tərəfdən müsbət
göstəricidir, digər tərəfdən isə ödəniş infrastrukturunun fasiləsiz
və dayanıqlı fəaliyyətinin təmin olunması baxımından Mərkəzi Bankın
üzərinə əlavə məsuliyyət qoyur. Əsas vəzifə ödəniş xidmətləri
istifadəçilərinin etimadını itirməməkdir”, – deyə o vurğulayıb.
Ramil Mahmudov xatırladıb ki, ötən il qanunvericiliyə edilən
dəyişikliklərdən sonra Azərbaycanda QR ödənişləri tətbiq
olunub.
“Bu gün Azərbaycanda 100 mindən çox POS-terminal artıq QR
ödənişlərini dəstəkləyir. Bu isə bazarda fintex şirkətlərinin də
fəal istifadə edə biləcəyi daha əlçatan ödəniş alətinin yaranması
deməkdir. QR ödənişlərinin tətbiqi sahibkarlara ödənişləri daha az
xərclə qəbul etmək imkanı yaradır, istifadəçilərə isə milli
qanunvericiliyin tələblərinə və daxili bazarın ehtiyaclarına tam
cavab verən ödəniş aləti təqdim edir.
QR ödənişlərinin populyarlığı bütün dünyada, o cümlədən bank
kartlarının geniş yayıldığı ölkələrdə artmaqda davam edir.
Maliyyə baxımından bu alətin maya dəyəri minimaldır”, – deyə o
bildirib.
O əlavə edib ki, növbəti mərhələdə statik QR kodların tətbiqi
həyata keçiriləcək.
“Əvvəlcə bazara dinamik QR kodları çıxardıq, növbəti mərhələ isə
statik QR kodların tətbiqi olacaq. Bu, ölkənin ən ucqar yaşayış
məntəqələri də daxil olmaqla, demək olar ki, hər yerdə nağdsız
ödənişlərin qəbuluna imkan verəcək”, – deyə Mahmudov bildirib.
Onun sözlərinə görə, bu, dövriyyədə olan nağd pula tələbatın
azalmasına və əhali arasında nağdsız hesablaşma mədəniyyətinin daha
da formalaşmasına töhfə verəcək.

