
Bakı. Trend:
Dünyada təhsil sistemi artan qeyri-müəyyənlik, texnologiyaların
və süni intellektin sürətli inkişafı fonunda dərin transformasiya
dövrünü yaşayır.
Trend-in
tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu ADA
Universitetinin prorektoru Vəfa Kazdal IX ADA Beynəlxalq Təhsil
Konfransında çıxışı zamanı deyib.
“Sabitlik dövrü, yəqin ki, artıq geridə qalıb və biz daimi
qeyri-müəyyənlik dövrünə hazır olmalıyıq. Siyasi və sosial
dəyişikliklər davam edir, texnologiyaların inkişafı, xüsusilə də
süni intellekt təhsil sistemi qarşısında yeni çağırışlar yaradır.
Məhz buna görə də bu gün bütün dünyada təhsil sistemi yol
ayrıcındadır, özünü yenidən dərk edir və transformasiya edir”, –
deyə o bildirib.
V.Kazdalın sözlərinə görə, builki konfransın “Pedaqoji
transformasiya dövründə tədris və təlim” mövzusu da məhz bu
dəyişikliklərə həsr olunub.
O qeyd edib ki, universitetdə son bir həftə ərzində keçirilən
məzun tədbirlərində qeyri-müəyyənlik, texnologiyaların təsiri və
təhsilin dəyişən rolu ilə bağlı məsələlər dəfələrlə müzakirə
olunub.
“Bütün bu suallar bizi düşündürür: informasiyanın bu qədər
əlçatan olduğu və süni intellektin təhsilin bir çox aspektini öz
üzərinə götürdüyü bir dövrdə tələbələrin öyrənməyə marağını necə
qoruyaq? Müəllimin rolu necə dəyişir? Biz auditoriyada müəllim
olaraq qalırıq, yoxsa təhsil təcrübəsini formalaşdıran və mentorluq
edən şəxslərə çevrilirik?” – deyə prorektor bildirib.
Kazdal vurğulayıb ki, konfrans hər il beynəlxalq iştirakçılar
baxımından genişlənir və dünya təhsil ictimaiyyətində daha çox
tanınır. Bu il tədbirdə Yamayka, Braziliya, Türkiyə, Qazaxıstan,
Tanzaniya, Pakistan və İspaniyadan nümayəndələr və məruzəçilər
iştirak edirlər.
“Konfrans tədricən, addım-addım, lakin inamla beynəlxalq təhsil
ictimaiyyəti üçün daha tanınmış və cəlbedici platformaya çevrilir.
Ümid edirik ki, yaxın gələcəkdə iştirakçıların coğrafiyası daha da
genişlənəcək”, – deyə o bildirib.
Prorektorun sözlərinə görə, konfransın inkişafı ADA
Universitetinin Təhsil Məktəbinin fəaliyyəti ilə birbaşa bağlıdır.
Məktəb son illərdə təsir dairəsini əhəmiyyətli dərəcədə
genişləndirib və hazırda yalnız Bakıda deyil, ölkənin regionlarında
da təhsil proqramları həyata keçirir.
“Bu gün Təhsil Məktəbi yalnız kəmiyyət baxımından böyümür. O,
təsiri, məzunlarının nailiyyətləri və təhsilin inkişafına
verdikləri töhfə sayəsində inkişaf edir. Beynəlxalq konfransı
dinamik, dayanıqlı və sistemli platforma kimi inkişaf
etdirməyimizin əsas səbəblərindən biri də məhz budur”, – deyə
Kazdal bildirib.
O, həmçinin tədqiqat potensialının inkişafı proqramının
məzunlarından birinin ABŞ-nin bir neçə aparıcı universitetinə qəbul
olunduğunu və sonda Pensilvaniya Universitetini seçdiyini nümunə
göstərib.
“Belə nailiyyətlər göstərir ki, səylərimiz və birgə
fəaliyyətimiz nəticə verir. Bu insanlar geri qayıdacaq və ölkəmizin
təhsil sisteminə müsbət təsir göstərməyə davam edəcəklər”, – deyə
prorektor vurğulayıb.

