
Bakı.Trend:
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisinin 86 faizi
tamamlanıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
(AAYDA) Mətbuat xidməti məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən bildirilib ki, 14,1 kilometr
uzunluğunda olan və I texniki dərəcəyə uyğun inşa edilən avtomobil
yolu Xankəndi, Şuşa və Laçın şəhərlərinə səfər edənlərin daha qısa,
rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin edəcək.
Yolun torpaq yatağının eni ərazinin relyefindən asılı olaraq 26,5
metrədək dəyişir.
“Layihə çərçivəsində torpaq işləri tam yekunlaşdırılıb və yeni
yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və
asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.
Bununla yanaşı, yolboyu layihələndirilən 3 körpünün, 9
düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin
tikintisi, həmçinin 14 avtobus dayanacağının quraşdırılması işləri
tam başa çatdırılıb”,-deyə AAYDA-nın Mətbuat xidmətindən qeyd
edilib.
Bildirilib ki, hazırda layihə üzrə ümumi icra səviyyəsi 86 faiz
təşkil edir.
“Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun istifadəyə verilməsi
bölgədə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına, yük və
sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, eləcə də kənd
təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə
verəcək”,-deyə AAYDA-nın Mətbuat xidmətindən əlavə edilib.

