
Bakı. Trend:
İyulun 2-də Səngəçal Terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) neft
ixrac boru kəmərinin 20 illiyi, BTC üzrə operatorluğun və BTC ilə
Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə vahid
operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir
keçirilib.
Bu barədə SOCAR-dan məlumat verilib.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Cio Kristofoli tədbirdə çıxış edərək ötən 20 il ərzində BTC-nin
uğurlarından, layihənin beynəlxalq əhəmiyyətindən, bp-nin
uzunmüddətli səmərəli operatorluq rolundan bəhs edib, SOCAR-ın boru
kəmərinin istismarı zamanı təhlükəsizlik, etibarlılıq və əməliyyat
mükəmməlliyi sahəsində mövcud yüksək standartları uğurla davam
etdirəcəyinə əminliyini ifadə edib, SOCAR və digər tərəfdaşlarla
sıx və uzunmüddətli əməkdaşlığın daha da möhkəmləndiriləcəyini
bildirib.
Bakı–Tbilisi–Ceyhan boru kəmərinin əsası Ümummilli Lider Heydər
Əliyev tərəfindən qoyulan Azərbaycanın müasir enerji
strategiyasının ən mühüm nailiyyətlərindən biri olduğunu söyləyən
SOCAR-ın prezidenti Rövşən Nəcəf BTC-nin Xəzər regionunu Qara dəniz
hövzəsi vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji enerji
dəhlizi formalaşdırdığını və Xəzərin enerji resurslarının
beynəlxalq bazarlara çıxış modelini əsaslı şəkildə dəyişdirdiyini
qeyd edib. BTC üzrə operatorluğun, eləcə də BTC və CQBK sistemləri
üzrə vahid operatorluğun SOCAR-a keçməsinin Azərbaycanın enerji
sektorunun inkişafında növbəti mühüm mərhələ olduğunu deyən Rövşən
Nəcəf bu mühüm hadisənin SOCAR-ın otuz ildən artıq müddətdə
formalaşdırdığı zəngin əməliyyat təcrübəsini və peşəkar imkanlarını
nümayiş etdirdiyini vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Anar Axundov çıxışında son iyirmi
il ərzində Bakı–Tbilisi–Ceyhan boru kəmərinin Azərbaycanın enerji
sektorunun inkişafı ilə yanaşı, ölkəmizin dayanıqlı iqtisadi
tərəqqisinə və regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə
verdiyini bildirib. bp-nin son iki onillik ərzində BTC boru
kəmərinin operatoru qismində uğurlu fəaliyyətini qeyd edən nazir
müavini boru kəməri üzrə operatorluğun SOCAR-a keçməsinin
Azərbaycanda uzun illər ərzində beynəlxalq tərəfdaşlıq mühitində
formalaşmış peşəkar bilik və əməliyyat imkanlarının məntiqi
nəticəsi olduğunu vurğulayıb.
BTC-nin regional əməkdaşlığın və etibarlı beynəlxalq
tərəfdaşlığın rəmzi kimi xüsusi əhəmiyyət daşıdığını söyləyən
energetika nazirinin müavini Kamal Abbasov layihənin dəyərinin
təkcə ötən 20 il ərzində nəql olunan neft həcmləri ilə
ölçülmədiyini, eyni zamanda region ölkələri, şirkətlər və xalqlar
arasında formalaşdırdığı etimad, əməkdaşlıq və uzunmüddətli
tərəfdaşlıq münasibətlərində də öz əksini tapdığını diqqətə
çatdırıb.
bp-nin Boru kəmərləri əməliyyatları üzrə meneceri, veteran
neftçi Elxan Sultanov isə çıxışında BTC layihəsinin ilk
dövrlərindən etibarən bu prosesin iştirakçısı olduğunu bildirərək,
bu strateji layihə üzrə operatorluğun SOCAR-a keçdiyi mərhələdə
onun uğurlu fəaliyyətinə töhfə verməyə davam etməkdən məmnunluğunu
ifadə edib. Elxan Sultanov boru kəmərinin təhlükəsiz, etibarlı və
səmərəli istismarının təmin olunmasının əsas prioritetlərdən
olduğunu bildirib.
Sonra Rövşən Nəcəf və Cio Kristofoli BTC üzrə operatorluğun və
BTC ilə CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil
verilməsini ifadə edən rəmzi idarəetmə düyməsini sıxıblar.

