
ABŞ və İran arasında aparılan növbəti dolayı danışıqların İranın keçmiş ali dini lideri Əli Xameneinin dəfn mərasimindən sonra davam etdiriləcək.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan rəsmiləri Qətər və Pakistanın vasitəçiliyi ilə Dohada ABŞ və İran nümayəndələri ilə ayrı-ayrılıqda keçirilən görüşlərdə müsbət irəliləyiş əldə olunduğunu bildiriblər.
Məlumata görə, tərəflər danışıqların davam etdirilməsi barədə razılığa gəliblər və növbəti görüşün Əli Xameneinin dəfn mərasimindən sonra ən qısa müddətdə keçirilməsi planlaşdırılır.
Bildirilir ki, ABŞ və İsrailin 28 fevral tarixli hücumu zamanı həyatını itirən Əli Xamenei üçün rəsmi dəfn mərasimi şənbə günü xalqın iştirakı ilə başlayacaq. Bundan əvvəl isə dövlət başçıları, yüksəkvəzifəli rəsmilər və dini liderlərin qatılacağı beynəlxalq anım mərasiminin keçirilməsi nəzərdə tutulur. Xameneinin iyulun 9-da doğulduğu Məşhəd şəhərində yerləşən İmam Rza türbəsində dəfn ediləcəyi qeyd olunur.
Danışıqlar heyətinin üzvü olan İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə vətəndaşları dəfn mərasimində kütləvi iştirak etməyə çağırıb.
O bildirib ki, “xalqın intiqam çağırışı bütün dünyanın qulaqlarında səslənməlidir” və mərasimə geniş iştirakın vacibliyini vurğulayıb.

