
Bakı.Trend:
Pakistanın cənub-qərbində sərnişin avtobusunun uçuruma düşməsi
nəticəsində azı 24 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Yerli hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, insident
Bəlucistan və Xeybər-Paxtunxva əyalətlərinin sərhədində yerləşən
ucqar rayonda baş verib. Zərərçəkənlər müxtəlif dərəcəli bədən
xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
“Daily Pakistan” qəzetinin məlumatına əsasən, xilasedicilər qəza
yerində axtarış-xilasetmə tədbirlərini davam etdirir, belə ki,
ərazinin əlverişsiz relyefi əməliyyatın gedişini çətinləşdirir.
İlkin məlumata görə, qəzaya uğramış avtobus Bəlucistan
əyalətinin mərkəzi şəhəri olan Kvettadan Peşəvər istiqamətində yola
çıxıb və avtobusda 36 sərnişin olub. Yolda, sıradan çıxmış başqa
ictimai nəqliyyat vasitəsinin sərnişinləri həmin avtobusa miniblər.
Normadan artıq sərnişin götürən avtobus iki əyalətin sərhədində
uçuruma yuvarlanıb.

