
Bakı.Trend:
Asiya İnkişaf Bankı (AİB) rəqəmsal transformasiya sahəsində yeni
regional layihəni nəzərdən keçirir.
Bankın saytında dərc olunan məlumata görə, “Mərkəzi və Qərbi
Asiyada inklüziv və dayanıqlı artım naminə rəqəmsal transformasiya”
adlı texniki yardım layihəsi Xüsusi Texniki Yardım Fondu (Technical
Assistance Special Fund) hesabına maliyyələşdirilir və onun büdcəsi
1 milyon ABŞ dolları təşkil edir.
Məlumata əsasən, layihə Azərbaycan, Ermənistan, Qazaxıstan,
Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistanı əhatə edir.
AİB-də bildirilib ki, təşəbbüs bankın inkişaf etməkdə olan üzv
ölkələrində inklüziv, təhlükəsiz və qarşılıqlı uyğun rəqəmsal
transformasiyanın dayanıqlı iqtisadi artımın, iqtisadi dayanıqlığın
və regional inteqrasiyanın əsas hərəkətverici qüvvəsi kimi
təşviqinə dəstək verməyi hədəfləyir.
“Texniki yardım proqramı əsas rəqəmsal imkanların
gücləndirilməsi və genişmiqyaslı, yüksək təsirli rəqəmsal
xidmətlərin hazırlanması məqsədilə ilkin analitik işlərin
aparılmasını, institusional potensialın inkişafına dəstəyi və
investisiya layihələrinin hazırlanmasını təmin edəcək”, – deyə
bankın məlumatında qeyd olunub.
Layihə çərçivəsində rəqəmsal transformasiya, rəqəmsal və
informasiya infrastrukturu, genişzolaqlı rabitə, rəqəmsal dövlət
idarəçiliyi, rəqəmsal bacarıqlar, məlumatların idarə olunması və
kibertəhlükəsizlik sahələrində tədqiqatlar və qiymətləndirmələr
aparılacaq. Həmçinin rəqəmsal identifikasiya, rəqəmsal ödənişlər və
etibarlı məlumat mübadiləsi də daxil olmaqla, rəqəmsal ictimai
infrastrukturun gücləndirilməsi üçün institusional və normativ
dəstək göstərilməsi nəzərdə tutulur.
Bundan əlavə, təşəbbüs çərçivəsində ölkələrin Milli Məkan
Məlumatları İnfrastrukturunun (NSDI) yaradılması sahəsində
ehtiyacları qiymətləndiriləcək, eləcə də süni intellekt (AI) də
daxil olmaqla qabaqcıl texnologiyaların məsuliyyətli tətbiqinə
dəstək veriləcək.
“Texniki yardım proqramı CAREC-in 2030-cu ilədək Rəqəmsal
Strategiyasının ortamüddətli icmalı, AİB-in 2030 Strategiyası və
hazırlanmaqda olan 2026–2030-cu illər üçün Rəqəmsal Transformasiya
üzrə Operativ Yanaşma da daxil olmaqla regional prioritet və
strategiyalara uyğundur”, – deyə bankdan bildirilib.
AİB-də əlavə ediblər ki, təşəbbüs həmçinin bankın regional
əməkdaşlıq və inteqrasiya, özəl sektorun inkişafı, rəqəmsal
transformasiya, inklüzivlik və iqlimə davamlı iqtisadi artım
sahələrində korporativ prioritetlərinə də cavab verir.
Bundan əvvəl Otabek Nasırov Trend-ə verdiyi özəl müsahibədə bildirmişdi ki, Mərkəzi Asiya və Qafqaz
ölkələrini rəqəmsal transformasiya sahəsində ümumi prioritetlər –
rəqəmsal ödənişlərin, süni intellektin, kibertəhlükəsizliyin,
rəqəmsal identifikasiyanın, maliyyə inklüzivliyinin və transsərhəd
rəqəmsal ticarətin inkişafı birləşdirir.
“İnanırıq ki, sahəvi assosiasiyalar arasında qurulan sıx
əməkdaşlıq bilik və təcrübə mübadiləsini sürətləndirəcək, ən yaxşı
praktika və rəqəmsal həllərin tətbiqinə təkan verəcək, eləcə də hər
iki bazarda fəaliyyət göstərən biznes subyektləri üçün yeni
imkanlar açacaqdır”,-deyə Nasırov bildirib.
O vurğulayıb ki, tənzimləyici qurumlar, maliyyə institutları və
texnologiya şirkətləri arasında dialoqun genişləndirilməsi
yanaşmaların uyğunlaşdırılmasına, mövcud maneələrin azaldılmasına
və innovasiya, eləcə də investisiyalar üçün daha proqnozlaşdırıla
bilən mühitin formalaşdırılmasına kömək edəcək.
“Əsas məsələ innovasiyaların regionumuza gəlib-gəlməyəcəyi
deyil, bu imkanları dayanıqlı iqtisadi artıma və daha güclü maliyyə
ekosistemlərinə çevirmək üçün nə dərəcədə effektiv birgə işləyə
biləcəyimizdir”,-deyə o əlavə edib.

