
Bakı. Trend:
Müasir hüquq nəzəriyyəsində qəbul olunmuş əsas prinsiplərdən
biri hüquqi müəyyənlik prinsipidir. Bu prinsipə görə hüquq
münasibətlərinin iştirakçıları öz hüquq və vəzifələrini əvvəlcədən
bilməli, qanunvericilikdə istifadə olunan anlayışlar isə birmənalı
və aydın olmalıdır.
Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı nəticəsində son illərdə
hüquqi dövriyyəyə çoxsaylı yeni anlayışlar daxil olub. Lakin əsasən
obyektiv səbəblərdən bu anlayışların əhəmiyyətli hissəsinin
qanunvericilikdə vahid və sistemli tərifi mövcud deyildi. Bu isə
həm hüquqtətbiqetmə praktikasında, həm də investisiya mühitində
müəyyən qeyri-müəyyənlik yaradırdı.
Məhz buna görə də qanunvericilikdə ilk dəfə olaraq “rəqəmsal
texnologiyalar”, “süni intellekt”, “innovasiya məhsulu”, “kibertəhlükəsizlik”, “texnologiya transferi” və “frilanser
fəaliyyəti” anlayışlarının hüquqi baxımdan müəyyənləşdirilməsi
xüsusi əhəmiyyət daşıyır.
Bu dəyişikliklər zahirən terminoloji xarakter daşısa da, əslində
onların hüquqi və iqtisadi təsirləri daha genişdir. Çünki hər hansı
sahənin inkişafı ilk növbədə onun hüquqi sərhədlərinin müəyyən
olunmasından başlayır. Yeni anlayışların qanunvericilikdə təsbit
olunması gələcək normativ tənzimləmələrin, vergi mexanizmlərinin,
dövlət dəstəyi proqramlarının və investisiya münasibətlərinin
formalaşdırılması üçün baza yaradır.
Başqa sözlə, Azərbaycan rəqəmsal iqtisadiyyatın hüquqi
xəritəsini formalaşdırmağa başlayıb və bu proses uğurla davam
etdirilir.
Qlobal təcrübə göstərir ki, rəqəmsallaşma yalnız texnologiya
məsələsi deyil. Bu proses dövlət idarəçiliyindən tutmuş maliyyə
sisteminə, təhsildən təhlükəsizliyə qədər bütün sahələri əhatə
edir. Buna görə də rəqəmsal transformasiyanın uğuru vahid
koordinasiya mexanizmlərinin mövcudluğundan birbaşa asılıdır.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının
yaradılması da məhz bu zərurətdən irəli gəlir. Şura rəqəmsallaşma,
süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində dövlət
siyasətinin vahid strateji yanaşma əsasında həyata keçirilməsini
təmin etməlidir.
Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər göstərir ki,
gələcəkdə bütün dövlət qurumlarında rəqəmsallaşma və süni intellekt
üzrə məsul şəxslərin müəyyən edilməsi, rəqəmsal layihələrin vahid
arxitektura əsasında həyata keçirilməsi, rəqəmsal inkişaf
xərclərinin mərkəzləşdirilmiş qaydada əlaqələndirilməsi və
nəticəyönümlü monitorinq mexanizmlərinin tətbiqi
planlaşdırılır.
Bu yanaşma dövlət idarəçiliyində parçalanmış rəqəmsallaşma
modelindən sistemli rəqəmsal idarəetmə modelinə keçidi təmin edə
bilər.
Müasir dünyada suverenlik anlayışı yeni məzmun qazanır. Əgər
əvvəlki dövrlərdə dövlətlərin müstəqilliyi əsasən ərazi bütövlüyü,
hərbi güc və iqtisadi potensialla müəyyən edilirdisə, indi
məlumatlar, rəqəmsal platformalar, hesablama gücü və süni intellekt
texnologiyaları da suverenliyin mühüm elementlərinə çevrilib.
Bu səbəbdən son illərdə “rəqəmsal suverenlik” anlayışı
beynəlxalq hüquqi və siyasi leksikonda xüsusi yer tutmağa
başlayıb.
ABŞ, Çin, Avropa İttifaqı, Hindistan və digər aparıcı güclər
milli məlumat məkanlarının qorunması, strateji texnologiyalar
üzərində nəzarətin saxlanılması və milli süni intellekt
platformalarının yaradılması istiqamətində geniş proqramlar həyata
keçirirlər.
Azərbaycanın yeni rəqəmsal gündəliyi də məhz bu tendensiyalarla
səsləşir.
Fəaliyyət Planında dövlət informasiya sistemlərinin “Hökumət
buludu”na tam inteqrasiyası, dövlət məlumat hövzəsinin yaradılması,
açıq məlumatların vahid platformalarda cəmləşdirilməsi, dövlət
xidmətlərinin “MyGov” və “MyGov Biznes” üzərindən təqdim olunması,
məlumatların keyfiyyətinin artırılması və mərkəzləşdirilmiş idarə
olunması kimi tədbirlər nəzərdə tutulur.
Bu addımlar yalnız idarəetmənin səmərəliliyinə deyil, həm də
milli rəqəmsal suverenliyin möhkəmləndirilməsinə xidmət edir.
Qanunvericilikdə süni intellekt anlayışının ilk dəfə təsbit
olunması xüsusi diqqətə layiqdir.
Çünki süni intellekt artıq sadəcə proqram təminatı deyil. O,
maliyyə sektorunda kredit qərarlarına, səhiyyədə diaqnostik
proseslərə, dövlət idarəçiliyində qərar qəbuletmə mexanizmlərinə və
hüquq münasibətlərinə təsir göstərən mürəkkəb texnoloji
institutdur.
Məhz buna görə dünyanın aparıcı ölkələri süni intellektin hüquqi
tənzimlənməsi istiqamətində yeni yanaşmalar tətbiq etməyə
başlayıblar.
Avropa İttifaqının AI Act sənədi, ABŞ-də qəbul olunan etik
çərçivələr və Böyük Britaniyanın risk əsaslı yanaşması göstərir ki,
gələcəyin hüquq sistemləri süni intellektlə bağlı məsuliyyət,
şəffaflıq, təhlükəsizlik və insan hüquqlarının müdafiəsi
prinsipləri üzərində qurulacaq.
Azərbaycan da bu prosesdən nəinki kənarda qalmır, əksinə davamlı
və sistemli yanaşma nümayiş etdirir.
2026–2028-ci illər üzrə Fəaliyyət Planında Milli GPU əsaslı
Superkompüter Mərkəzinin yaradılması, Azərbaycan dili üzrə Böyük
Dil Modellərinin hazırlanması, dövlət xidmətlərində süni intellekt
əsaslı virtual köməkçilərin tətbiqi, “Tənzimləyici Test Mühiti”nin
formalaşdırılması və süni intellekt sistemlərində fərdi
məlumatların mühafizəsinin gücləndirilməsi nəzərdə tutulur.
Bu tədbirlər Azərbaycanın süni intellekt texnologiyalarının
sadəcə istifadəçisi deyil, həm də istehsalçısı olmaq niyyətini göz
önünə sərgiləyir.
Rəqəmsal iqtisadiyyatın əsas xüsusiyyətlərindən biri innovasiya
əsaslı inkişaf modelidir. Lakin innovasiya ideyasının iqtisadi
məhsula çevrilməsi üçün yalnız yaradıcı potensial kifayət etmir.
Bunun üçün əlverişli hüquqi və maliyyə mühiti
formalaşdırılmalıdır.
Məhz bu səbəbdən vençur kapitalı fondlarının hüquqi statusunun
müəyyənləşdirilməsi və kiçik, orta həcmli fondlar üçün
sadələşdirilmiş qeydiyyat mexanizminin yaradılması son islahatların
ən mühüm istiqamətlərindən biri hesab edilə bilər.
Vençur kapitalı yüksək riskli, lakin yüksək gəlir potensialına
malik innovasiya layihələrinin maliyyələşdirilməsi üçün istifadə
olunan mexanizmdir. ABŞ, İsrail, Sinqapur və Cənubi Koreya kimi
texnoloji lider ölkələrin təcrübəsi göstərir ki, innovasiya
iqtisadiyyatının inkişafında risk kapitalı həlledici rol
oynayır.
Azərbaycanda vençur fondlarının hüquqi əsaslarının yaradılması
startapların maliyyələşməsini asanlaşdıracaq, innovativ məhsulların
bazara çıxışını sürətləndirəcək və özəl investisiyaların
texnologiya sektoruna yönəlməsini təşviq edəcək.
Eyni zamanda kraudfandinq mexanizmlərinin, “mələk investor”
institutunun və birgə “Fondlar Fondu” modelinin yaradılması
innovasiya ekosisteminin maliyyə dayaqlarının gücləndirilməsinə
xidmət edir.
Zənnimcə, qanunvericilikdə texnologiya transferi anlayışının
müəyyənləşdirilməsi də strateji əhəmiyyət daşıyan yeniliklər
sırasındadır.
Müasir innovasiya iqtisadiyyatında universitetlər və
elmi-tədqiqat institutları yalnız təhsil və elm müəssisələri deyil,
həm də yeni texnologiyaların yaranma mənbəyi hesab olunur.
Lakin bir çox hallarda elmi nəticələr bazara çıxmadığı üçün
iqtisadi dəyərə çevrilə bilmir.
Texnologiya transferinin hüquqi mexanizmlərinin
formalaşdırılması elmi nəticələrin kommersiyalaşdırılmasını
sürətləndirəcək, intellektual mülkiyyətin iqtisadi dövriyyəyə cəlb
olunmasına şərait yaradacaq və universitet-sənaye əməkdaşlığını
gücləndirəcək.
Yeni qanunvericilik təşəbbüslərində diqqət çəkən məqamlardan
biri də frilanser fəaliyyətinin hüquqi statusunun müəyyən
edilməsidir.
Rəqəmsal iqtisadiyyatın inkişafı nəticəsində əmək bazarında
klassik işçi-məşğulluq münasibətləri dəyişir. Dünyanın müxtəlif
ölkələrində milyonlarla insan proqramlaşdırma, dizayn, marketinq,
kibertəhlükəsizlik və digər xidmətləri sərhədlərarası qaydada
təqdim edir.
Frilanser fəaliyyətinin hüquqi çərçivəyə salınması həm vergi
münasibətlərinin şəffaflaşdırılmasına, həm də Azərbaycanın rəqəmsal
xidmət ixracatçısı kimi mövqeyinin güclənməsinə imkan
yaradacaq.
Rəqəmsallaşma dərinləşdikcə kibertəhlükələr də artır. Buna görə
də kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsidir.
Fəaliyyət Planında milli səviyyədə kibertəhlükəsizlik
risklərinin idarə olunması, insidentlərə operativ reaksiya
sistemlərinin qurulması, vahid kibertəhlükəsizlik platformasının
yaradılması və bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi
nəzərdə tutulur.
Bu tədbirlər ölkənin kritik informasiya infrastrukturlarının
qorunmasına, rəqəmsal xidmətlərin dayanıqlılığının təmin edilməsinə
və milli kibermüdafiə imkanlarının gücləndirilməsinə xidmət
edir.
Rəqəmsal transformasiyanın ən mühüm nəticələrindən biri
dövlət-vətəndaş münasibətlərinin yeni modelinin
formalaşmasıdır.
Fəaliyyət Planında “bir pəncərə”, “yalnız bir dəfə”, “kağızsız
hökumət”, proaktiv xidmətlər və bütün dövlət xidmətlərinin vahid
platformalarda təqdim edilməsi prinsipləri əksini tapıb.
Bu modelin mahiyyəti ondan ibarətdir ki, vətəndaş eyni məlumatı
müxtəlif dövlət qurumlarına təkrar təqdim etməməli, dövlət isə öz
informasiya ehtiyatlarından istifadə edərək xidmətləri avtomatik və
proaktiv qaydada təqdim etməlidir.
Bu, klassik bürokratik idarəetmədən rəqəmsal idarəetməyə keçidin
hüquqi əsaslarını formalaşdırır və dövlət xidmətlərinin
keyfiyyətinin yüksəlməsinə, şəffaflığın artmasına və korrupsiya
risklərinin azalmasına şərait yaradır.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni rəqəmsal inkişaf
gündəliyi göstərir ki, Azərbaycan qarşıdakı illərdə yalnız
rəqəmsallaşan dövlət deyil, rəqəmsal texnologiyalar yaradan,
innovasiya ixrac edən və süni intellekt sahəsində milli potensial
formalaşdıran ölkəyə çevrilməyi hədəfləyir.
Bu məqsədə nail olmaq üçün isə texniki infrastrukturlarla
yanaşı, müasir hüquqi ekosistemin yaradılması həlledici əhəmiyyət
daşıyır. Rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya
məhsulları, texnologiya transferi, vençur kapitalı,
kibertəhlükəsizlik və frilanser fəaliyyətinin hüquqi baxımdan
müəyyənləşdirilməsi Azərbaycanın rəqəmsal inkişaf modelinin
normativ sütunlarını formalaşdırır.
Buna görə də hazırda həyata keçirilən dəyişikliklər sadəcə
rəqəmsallaşma proqramı deyil. Bu, Azərbaycanın milli inkişaf
strategiyasının yeni mərhələsini təşkil edən, rəqəmsal suverenliyi,
innovasiya iqtisadiyyatını və müasir dövlət idarəçiliyini özündə
birləşdirən genişmiqyaslı hüquqi transformasiya prosesidir.
Elçin Mirzəbəyli
Milli Məclisin deputatı

