Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti təkcə təbii
resursları və ya iqtisadi potensialı ilə deyil, rəqəmsal
transformasiyanı nə dərəcədə uğurla həyata keçirməsi ilə də müəyyən
olunur.

Bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata
verdiyi açıqlamasında deyib.

O, bildirib ki, son illərdə Azərbaycanda bu istiqamətdə həyata
keçirilən ardıcıl islahatlar göstərir ki, ölkə artıq
rəqəmsallaşmanı ayrıca bir sahə kimi deyil, ümumi inkişaf
strategiyasının əsas sütunlarından biri kimi qəbul edir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan dövlət
siyasəti bu sahədə uzunmüddətli hədəfləri müəyyənləşdirməklə
yanaşı, onların icrasını təmin edən institusional mexanizmləri də
formalaşdırır. Cari ilin fevral ayında Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilmiş müşavirədə qəbul edilən qərarlar
Azərbaycanın rəqəmsal inkişaf mərhələsində yeni səhifə açdı.
Ardınca təsdiq edilən 2026–2028-ci illəri əhatə edən Fəaliyyət
Planı rəqəmsallaşma, süni intellekt, innovasiya və
kibertəhlükəsizlik istiqamətlərində qarşıdakı dövrün əsas
prioritetlərini müəyyən etdi. Bu sənədin mühüm xüsusiyyətlərindən
biri onun ayrı-ayrı layihələrin məcmusu deyil, vahid strateji
inkişaf konsepsiyasının tərkib hissəsi kimi hazırlanmasıdır”.

Millət vəkili deyib ki, dövlət idarəçiliyinin
optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın
mövqeyinin gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı bu
yanaşmanın əsas məqsədləridir:

“Əlbəttə ki, bu prosesdə Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Şuranın bu
il iyunun 29-da keçirilən ilk iclasında çıxış edən Birinci
vitse-prezident Mehriban Əliyeva vurğuladı ki, əsas məqsəd müxtəlif
dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid
yanaşmanın formalaşdırılması və qəbul olunan qərarların vaxtında,
səmərəli icrasının təmin edilməsidir. Bu yanaşma rəqəmsallaşmanı
yalnız texnoloji yenilənmə kimi deyil, idarəetmə mədəniyyətinin
müasirləşdirilməsi prosesi kimi təqdim edir. Çıxışda diqqət
mərkəzinə çəkilən digər mühüm məqam rəqəmsal transformasiyanın
iqtisadi inkişafla birbaşa bağlı olmasıdır. Qeyd olunduğu kimi,
yeni texnologiyaların tətbiqi ölkə iqtisadiyyatına əlavə impuls
verməli, müasir innovasiya ekosistemi formalaşdırmalı,
investisiyaların cəlbini sürətləndirməli və dövlət idarəçiliyinin
səmərəliliyini artırmalıdır. Bu baxış rəqəmsal inkişafın yalnız
texniki yeniliklərlə məhdudlaşmadığını, onun iqtisadi və
institusional modernləşmənin əsas alətlərindən birinə çevrildiyini
göstərir. Təsadüfi deyil ki, Fəaliyyət Planı ölkədə qəbul olunmuş
digər strateji sənədlərlə tam uzlaşdırılıb. Rəqəmsal inkişaf,
informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və süni intellekt
üzrə müəyyən edilmiş prioritetlərin vahid idarəetmə modeli
çərçivəsində əlaqələndirilməsi dövlət siyasətinin ardıcıllığını və
sistemliliyini təmin edir. Dövlət qurumlarında rəqəmsallaşma
təşəbbüslərinə rəhbər müavini səviyyəsində məsul şəxslərin
müəyyənləşdirilməsi isə qəbul olunan qərarların operativ və
məsuliyyətli icrasına xidmət edən mühüm institusional addımdır.
Bütün bunlar göstərir ki, Azərbaycanda rəqəmsal transformasiya
artıq ayrıca layihələr toplusu deyil, dövlət idarəçiliyinin yeni
inkişaf fəlsəfəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin
müəyyən etdiyi strateji kurs və Birinci vitse-prezident Mehriban
Əliyevanın rəhbərliyi ilə həyata keçirilən koordinasiya
mexanizmləri bu sahədə institusional dayanıqlığı gücləndirir.
Nəticə etibarilə, ölkənin rəqəmsal gələcəyini təmin edəcək müasir
idarəetmə modeli formalaşır və bu model Azərbaycanın innovativ
inkişaf yolunda mövqeyini daha da möhkəmləndirir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir