
Rusiya qüvvələri bu gün Ukrayna paytaxtı Kiyevə və Kiyev vilayətinə raket zərbələri endiriblər.
Modern.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik bildirib. Onun sözlərinə görə, hücum nəticəsində bir nəfər həlak olub, çoxlu sayda yaralı var.
Düşmən hücumunun nəticələri vilayətin Buça, Vışqorod və Brovarı rayonları ərazilərində qeydə alınıb.
Şəxsi evlərə, müəssisələrə və digər mülki infrastruktur obyektlərinə ziyan dəyib.
Bu arada, Kiyev vilayətinin Vişneve şəhər şurası sakinləri və yerli müəssisələri iş yerlərinə getməməyə və küçələrdə olmamağa çağırıb.
Saat 07:40-a olan yenilənmiş məlumata görə, Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Nikolay Kalaşnik bildirib ki, vilayətin 15 sakini xəsarət alıb, onlardan 11-i xəstəxanaya yerləşdirilib. Yaralananlar arasında 9 aylıq qız uşağı da var. Onun sözlərinə görə, yaralıların sayı arta bilər.
Kalaşnik həmçinin qeyd edib ki, Buça rayonunun Vişneve şəhərində hücumdan sonra döyüş sursatlarının partlaması davam edir.
O əlavə edib ki, polis və xilasedicilər zərurət yarandıqda təxliyə işləri aparırlar.
Kiyev Şəhər Administrasiyasının rəhbəri Timur Tkaçenkonun son məlumatına görə, paytaxtda artıq 7 nəfər həlak olub, 24 nəfər yaralanıb. Kiyev meri Vitali Kliçko da 14 nəfərin, o cümlədən 7 və 8 yaşlı iki uşağın xəstəxanaya yerləşdirildiyini bildirib.
Paytaxtın müxtəlif rayonlarında bir neçə çoxmərtəbəli bina qismən dağılıb; xilasedicilərin sözlərinə görə, hələ də dağıntılar altında qalan insanlar var.

