
Bakı.Trend:
Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına
uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya
bölmələrində təlim-məşq uçuşları icra edilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, əvvəlcə uçuş heyətinin sağlamlıq vəziyyəti
yoxlanılıb, təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra aviasiya
vasitələrinə baxış keçirilib.
Sonra təlim-məşq planına əsasən, “JF-17C” (Block-III), “Su-25ML”, “Su-25” və “L-39” tipli təyyarələrlə praktiki uçuşlar
yerinə yetirilib.
Təlimlərdə pilotlar fərdi və qrup şəklində uçuşlar edərək hava
məkanında qarşılıqlı fəaliyyət, şərti döyüş tapşırıqlarının və
taktiki manevrlərin icrası, hədəflərin aşkarlanaraq məhv edilməsi,
eləcə də xüsusi hallarda düzgün qərar qəbul etmə üzrə bacarıqlarını
inkişaf etdiriblər.
Uçuş heyətinin döyüş hazırlığının və peşəkarlığının artırılması
məqsədilə keçirilən təlim-məşqlərdə əsas diqqət müxtəlif
meteoroloji və taktiki şəraitlərdə tapşırıqların dəqiq və
təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin döyüş tətbiqi
imkanlarının təkmilləşdirilməsinə yönəldilib.

