
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci ilin oktyabrın 26-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Trend müraciəti
təqdim edir:
Prezident İlham Əliyevin müraciəti
– Əziz həmvətənlilər.
Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu
müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını
işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan
Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz
döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ
əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı
bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz Qarabağ tarixini yaxşı
bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər
ərzində böyük işlər görülübdür. Çünki 1990-cı illərin əvvəllərində
Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür
yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi
təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi
ilə bağlı yanlış məlumat ötürərək dünyada, dünyanın ictimai
fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə,
torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq
edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir.
Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana
qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı
təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir, təsəvvür
edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına
heç bir arqument gətirə bilməmişdir. Son illər ərzində ardıcıl
fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə
bağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədər
məlumatlandırmışıq. Görülən bütün bu işlər, bax, bu gün bizə kömək
göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv
fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz
səylərimiz nəticəsində buna nail ola bilmişik. Mən deyəndə ki, biz
tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik
konfransında bütün dünyaya və bu, canlı formatda aparılmış
diskussiya əsnasında sübut edə bilmişəm ki, bu, bizim tarixi
torpağımızdır. XIX əsrin əvvəllərində Kürəkçay sülh anlaşması
haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında,
ümumiyyətlə, geniş ictimai fikirdə heç bir məlumat yox idi.
Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş
məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı
İbrahimxəlil xan imzalamışdır, digər tərəfdən Çar Rusiyasının
generalı imzalamışdır. O müqavilə internetdə var, hər kəs baxa
bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş
meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya
gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni
xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada
yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh
müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi.
Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən
biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd
aydın idi – imperiyanın yeni torpaqlarında dini tərkibi
dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq,
didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və
əfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisi
qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ
bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi
və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək
yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar. XX
əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var
idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək.
Qafqaz bürosunun protokolları var, 1921-ci ilin iyul ayında. Qafqaz
bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi.
Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün
qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola
bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq
Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində
saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut
etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb
Azərbaycana veribdir. Yalandır! Açın, baxın Qafqaz bürosunun
protokoluna, orada deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın
tərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim
torpağımızdır. Əfsuslar olsun ki, ondan sonra Dağlıq Qarabağ muxtar
vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. Amma onu da
bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada
daha aşağı səviyyəli bir özünüidarəetmə mexanizmi mövcud idi. İndi
tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, orada yaşayan
ermənilər böyük hüquqlara, imkanlara malik idi.
Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm
meyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox
idi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büroda 9
üzv var idi. Onlardan 8-i erməni idi, 1-i azərbaycanlı, o da Şuşa
rayon Kommunist Partiyasının birinci katibi. Dağlıq Qarabağın 1-ci
katibi, hökumət başçısı, parlament başçısı ermənilər idi. Nə
istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə,
dəmir yolu çəkilib 1970-ci illərdə, Sərsəng su anbarı tikilib
1970-ci illərdə, Madagiz, – indi adını mən bərpa etmişəm, –
Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan
Respublikasının dövlət büdcəsi hesabına edilən investisiyalardır.
Amma onlar nankorluq göstərdilər, vəziyyətdən istifadə etdilər,
Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə
etdilər və separatizm meyilləri baş qaldırdı. Ondan əvvəl nə
etdilər? Onlar ondan əvvəl hazırlıq işləri görürdü və əsas hazırlıq
işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa
düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun
böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona
görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli
satqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublar
göndərirdilər. Qəsdən şər-böhtan kampaniyası aparılırdı ki, Heydər
Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən
gedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılar
məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın,
Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı.
Ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi
yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və
faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün
zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə
olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra
bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını salıb aşağı
Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana
rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi.
Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit
insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər.
Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı
genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal
altına düşmüşdür. 1992-ci ilin may ayında Şuşa və Laçının
itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi
Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı.
Halbuki bu bağlantı yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin
Ermənistan Respublikası ilə sərhədi yox idi.
Bax, bu faciəvi hadisələr sanki yeni reallıq yaradırdı. Ondan
sonra bu məsələni beynəlxalq vasitəçilər öz üzərilərinə götürdülər,
1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz
qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən
müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində
cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər,
faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və
üç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdır. Amma bunun
nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu.
Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin,
daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbədi
qalsın əsarət altında bizim torpağımız, əbədi qalsın işğal altında
bizim torpağımız. Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya
təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən
onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini
görmək istəyirsinizsə sanksiyalar tətbiq edin Ermənistana. Sizin
əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz,
istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi
nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə
düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa
məsələlərdə – nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan
vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan
vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı
başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə.
Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür.
Çünki bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdən
başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qane
edirdi.
Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz
deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə
konvensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyə
qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən.
Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən
Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam
elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir,
Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər
imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin?
İstəmirdilər. Bu reallıq onları qane edirdi.
Ona görə, Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz.
Elə bil, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni
reallıqlar yaranıbdır, siz də reallıqlarla hesablaşmalısınız. Biz
yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla
hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı
işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Nə
qədər böyük təzyiq göstərirlər Azərbaycana, hər tərəfdən. Əl-ayağa
düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il bu məsələni belə
süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada
görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq.
Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən
harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq
sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur?
Bəs, indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT
Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk.
Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına
icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın! Ancaq nə
görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim
pozdu.
Deməli, bunların bütün fəaliyyəti indi Ermənistanı xilas
etməkdir. Təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni
Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur, bu
fəaliyyət.
Atəşkəs rejiminə gəldikdə, ayın 10-da birinci dəfə atəşkəs
qüvvəyə mindi. Mənim mövqeyim elə idi ki, bu, humanitar xarakter
daşımalıdır və həlak olanların cəsədlərinin, girovların, əsirlərin
dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir
gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə,
gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17–də yeni
atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu
pozdu. İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq
səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs
Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı.
Ancaq mən yenə də göstəriş vermişəm, hələ ki, Azərbaycan Ordusu
özünü təmkinlə aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma
bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya
sülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsinizsə sülh yolu
ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə
deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl
verilməlidir – neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu
rayondan, neçə gündən sonra bu rayondan çıxmalıdırlar. Cədvəl
verilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Belə olan
halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş
vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz. Bu, birincisi.
İkincisi, bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş
meydanında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq,
atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək
istəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq
siyasəti aparmaq istəyir. Belə məlumatlar var və əfsuslar olsun ki,
son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir,
müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri
bizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansı
təyyarə gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, haraya
göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir
Ermənistana? Axı, Ermənistan diz çöküb, artıq onun başından elə
vurmuşuq ki, ayıla bilmir. Ermənistanın baş naziri – Cıdır düzündə
sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi
yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir,
özünü alçaldır, xalqını alçaldır. Yaxşı, silah verməyin qurtaraq
da. Verməyin. Bizə kim verir? Heç kim vermir. Verməyin.
İstəyirsinizsə qurtarsın, silah verməyin. İki gündən sonra gələcək
yalvara-yalvara. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən
onlara silah göndərilir. Bu, nə məsələdir? Biz buna səssizmi
qalacağıq?
Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il
ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər
zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərlə
bağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünki
müəyyən diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə, onu
deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanı
xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal
rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o
təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya
liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz
olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik.
Mən bir məsələni də bildirmək istəyirəm. Münaqişənin həlli üçün
hüquqi baza kifayət qədər genişdir. Biz bu bazanı
genişləndirmişdik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının
qətnamələri yox, digər sənədlər mövcuddur. BMT Baş Assambleyası
qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı,
Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə
paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin
toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni,
bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş
meydanında düşmənə dərs verək, qovaq onları, rədd edək bizim
torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk
qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını
çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş
sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün
bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər
tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə
imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik
Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi.
Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni
silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul
edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya
qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd.
Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək
göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə
keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan
vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki,
onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi
kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq. Bu,
onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə
Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya 5-dən
böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər,
yenə də Ermənistanın maraqlarına cavab verən sənədi ortalığa
atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti
pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət
var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz
yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə
desinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər
gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra
da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan
və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük.
Mən son bir neçə il ərzində demişdim ki, dünya artıq əvvəlki
dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Baxın,
görün indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı?
Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr.
İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora
girib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq
hüquqdan əsər-əlamət yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik?
Halbuki, biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir
addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik
tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT
Təhlükəsizlik Şurasının daimi üzvlər, Minsk qrupunun həmsədrləri
bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar.
Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane
olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu
müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə
olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı
unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o
dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr.
Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq
təklifləri ilə. Bəs, hansı üzlə bizə baxacaqlar? Bu gün bütün
imkanları səfərbər ediblər bizə qarşı. Mən bir ay buna dözürdüm,
bir ay. Demirdim bunları, yığılmışıq boğaza. Bu, birincisi.
İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz
namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi
ola bilməz. İndi vasitəçi ölkələr gərək yeni bir funksiya
fikirləşsinlər, nə ilə məşğul olacaqlar? İndi artıq beş rayonun
azad edilməsindən danışa bilməzlər, hanı 5 rayon, bizdədir onların
artıq 4-ü. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük
– Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı. Bu rayonların böyük hissəsi
bizdədir. Keçmiş Hadrut – indiki Xocavənd rayonunun bir hissəsi
bizdədir. Ona görə fikirləşsinlər.
Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən
danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra
Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə
görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o
qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən
demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz
istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin
həllini tezləşdirsin. Ermənistanın havadarları, sizə deyirəm: bu
saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir
sözünüzlə çıxa bilər, bir sözünüzlə. Əgər Ermənistana maliyyə,
iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura
bilərmi? Yox. Mən indi Azərbaycan xalqına bəzi məlumatları
verəcəyəm, biz onların nə qədər texnikasını məhv etmişik. Hər kəs
hesablaya bilər, internetə girə bilər, baxsın o texnikanın
qiymətinə və sual versin. Haradandır bu pul kasıb, yoxsul ölkədə?
Problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul? Nə
qədər məhv etmişik, yenə də gətirirlər. Eybi yoxdur, gətirsinlər,
özləri bilər.
İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir və biz
hazırıq ki, bu məsələ hərbi-siyasi yollarla həll olunsun. Amma həll
olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistan bunu
pozub, hər bir pozuntunu biz qeydə alırıq, hər bir. Tapşırıq
vermişəm, qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə
maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər
atəşkəsi nə qədər pozublar. Bizdə bütün məlumatlar var.
Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası
məsələsini reallaşdırmalıdır.
O ki qaldı, bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl
köçürülmüş ermənilərin gələcəyinə, mən demişəm ki, onlar da bizim
vətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır.
Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara kömək
göstərəcəyik. İndi Ermənistanın yeni hökuməti Paşinyanın simasında
demirdi ki, Ermənistanı idarə edən adamlar cinayətkardır? Mən də
onu deyirdim. Bəs, necə oldu, Paşinyana qədər 20 il ölkəni idarə
edənlər cinayətkardırsa, bu ölkə nədir? Cinayətkar ölkədir. Onlar –
iki keçmiş prezident həm Qarabağda xunta başçısı olublar, sonra isə
Ermənistana rəhbərlik ediblər. Hər ikisi haqqında cinayət işi
açılıb. Cinayətkardırlar, Qarabağda yaşayan ermənilərin qanını
içirdilər. Haradandır bunlarda bu qədər mal, dövlət, varidat?
Haradan? Erməni xalqının qanını soraraq əldə ediblər. Bir daha
deyirəm, Dağlıq Qarabağda yaşayan ermənilər bizim
vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O
insanların günahı yoxdur. Kimin günahı var, o cavab verir və mən
demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır.
Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu
döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha
mövqeyimi bildirmək istəyirəm, biz mütləq bu torpaqlara
hərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata
bilər. Biz məsələni siyasi yollarla həll edəcəyik. Azərbaycanlılar
qayıdır Şuşaya, azərbaycanlılar qayıdır Xankəndiyə. Əvvəllər
yaşadığımız bütün başqa yerlərə qayıdır. Erməni əhali üçün şərait
yaradılır, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar,
həm də biz. Mən məsələni belə görürəm və mənim bu yanaşmam həm
əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. Ermənistan
isə istəyir ki, bizi oradan qovsun, ondan sonra etnik təmizləmə
aparsın, bizim abidələrimizi erməniləşdirsin, xaricdən erməniləri
gətirsin oraya. Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu?
Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o?
Cəhənnəmə getdi.
Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan
döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar
masasında da yeni reallıq yaradıbdır.
İndi isə əziz xalqıma bəzi məlumatlar vermək istəyirəm.
Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhv
edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin
siyahısını təqdim edirəm. Deməli, tank – 252 tank məhv edilib, 53
tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum
edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda.
Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi
götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv
edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv
edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə
vasitə – 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.
Zenit-raket kompleksləri – 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı
qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir
aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs
hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus,
ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri –
231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük
avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük
avtomobilindən məhrum etmişik.
İndi bir daha sual verirəm. Hər dəfə bu sualı verirəm və
verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul,
haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər
desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə
qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs
bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc
içində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xarici
dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə
1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank
rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə,
onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Kim
verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində,
demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki,
Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən
yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin
baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki,
yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda
qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək
üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz
olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroportda cəmi
5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mən
bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara
verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən?
Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları
bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz
onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu
sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz
buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan
haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi
Xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu
suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də
düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da.
Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada
bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki prokurordur,
ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim
böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə
mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada
danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu
reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha
göstərir ki, biz reallığı dəyişdirdik.
İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları
böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə
çatdıracağam.
Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını
doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər:
Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl
rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı,
Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş
yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas,
Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!
Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri
verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq
istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu
kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük
şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa
edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq.
Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş
bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin
canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında,
həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik.
Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz
xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç
bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq
yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi
olacaq!
Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz
vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər
qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

