
Türkiyənin Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin bərpasına dair təşəbbüsləri çərşənbə axşamı Ankarada keçiriləcək Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın planlaşdırılan görüşünün əsas mövzularından biri olacaq.
Modern.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə hökumətindəki mənbə bildirib.
Ərdoğan iyunun 29-da çıxış edərək Rusiya–Ukrayna münaqişəsinin həlli üçün dialoq yolu ilə yaxın zamanda konkret nəticələr əldə edilməsinin vacibliyini qeyd edib.
“Münaqişənin həlli üzrə danışıqların bərpasına dair Türkiyənin təşəbbüsləri Ərdoğan və Trampın Ankaradakı görüşünün gündəliyinə daxil ediləcək”, – deyə agentliyin həmsöhbəti bildirib.
2025-ci ildə Rusiya və Ukrayna İstanbulda üç birbaşa danışıqlar raundu keçirib. Bu danışıqların nəticəsi əsir mübadiləsi olub. Bundan əlavə, Rusiya Ukrayna tərəfindən həlak olmuş hərbçilərin cəsədlərini Kiyev tərəfinə təhvil verib. Tərəflər həmçinin münaqişənin həlli ilə bağlı memorandum layihələri mübadiləsi aparıblar.

