
Bakı. Trend:
Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu
yenidən qurulur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
müvafiq Sərəncamına əsasən, Cəlilabad rayonunda
Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil
yolunun yenidən qurulması işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra
olunan, ümumi uzunluğu 18 kilometr olan layihə 7 mindən artıq
əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir.
Layihə çərçivəsində indiyədək yolun 4,3 kilometrlik hissəsində
torpaq işləri, 3,3 kilometrlik hissəsində isə yol əsasının alt
qatının inşası tamamlanıb. Bununla yanaşı, yolun dayanıqlığını və
təhlükəsiz istismarını təmin etmək məqsədilə 9 nöqtədə suötürücü
boruların quraşdırılması işləri davam etdirilir. Tikinti prosesi
müasir inşaat norma və qaydalarına uyğun şəkildə həyata
keçirilir.
Layihə başa çatdıqdan sonra yaşayış məntəqələri arasında
nəqliyyat əlaqələri daha da möhkəmlənəcək, gediş-gəliş
rahatlaşacaq, hərəkət təhlükəsizliyi əhəmiyyətli dərəcədə artacaq.
Yenilənən yol sakinlərin gündəlik həyatını asanlaşdırmaqla yanaşı,
rayonun sosial-iqtisadi inkişafına da mühüm töhfə verəcək.

